Əhməd Dursunun “Xəzər-Lənkəran”da ilk məşqini 300 azarkeş izlədi
05.02.2009 - 18:31
Əhməd Dursunun “Xəzər-Lənkəran”da ilk məşqini 300 azarkeş izlədi
“Xəzər-Lənkəran” klubunun yeni transferləri olan türkiyəli hücumçu Əhməd Dursunla isveçli Nadir Bençena bu gün ilk məşqə çıxıblar. Apasport.az saytının məlumatına görə, komandanın Lənkərandakı stadionun ehtiyat meydançasını məşqini izləmək üçün 300-ə yaxın azarkeş gəlib. “Xəzər-Lənkəran”ın son transferi olan Fatih Sonkaya isə hələ ki hazırlığa qatılmayıb. 27 yaşlı futbolçu sabah ölkəmizə gələcək.

Qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Rahid Əmirquliyev milli komandamızın Dubaydakı təlim-məşq toplanışında iştirak etdiyindən, Rəşad Abdullayev isə zədəli olduğundan düşərgədə yoxdur. Litvalı müdafiəçi Andrius Veykutislə Ceyhun Sultanov isə hələlik komandadan ayrı məşq edirlər. Vətəninə müayinəyə yollanan türkiyəli yarımmüdafiəçi Devran Ayhanın vəziyyəti qənaətbəxşdir və bu gecə ölkəmizə qayıdacaq.

Qeyd edək ki, Estoniyanın “Verpus” klubundan baxışa gələ Oleq Kovalenko “Xəzər-Lənkəran”da məşqlərini davam etdirir. 20 yaşlı yarımmüdafiəçi haqda son qərar verilməyib.
0