Azərbaycan yığması: Təbrizdən Dubayadək
06.02.2009 - 12:22
Azərbaycan yığması: Təbrizdən Dubayadək
Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində sabah ikinci yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, beş gün öncə Özbəkistanla heç-heçə (1:1) oynayan milli komandamız bu dəfə Çexiya çempionu “Slaviya” ilə üz-üzə gələcək.

Praqalılarla qarşılaşma yığmamızın klublarla 31-ci oyunu olacaq. Arxada qalan 30 matçın hamısı AFFA-nın sabiq prezidenti Fuad Musayevin dövründə keçirilib və əksər görüşlər qələbəmizlə nəticələnib. Musayevin vaxtında tez-tez Cənubi Kiprə, Bolqarıstana yollanan millimiz klublarla da qarşılaşmağa razılıq verib. İki il dalbadal (2001 və 2002) Bolqarıstanın Albena şəhərində beynəlxalq turnirə qatılan yığmamız İqor Ponomaryovla 1-ci, Kazbek Tuayevlə 2-ci olub. Göründüyü kimi, 8 il öncə milli komandamız Bolqarıstandan kubokla vətənə dönüb.

Ukrayna “Volın”ı ilə Albenada keçirilən oyun bizə başqa cəhətdən də faydalı olub. Belə ki, hazırda millidən kənarda qalan Samir Əliyevlə Kamal Quliyev həmin vaxt bəyənilərək, çempionatımız dayandığı vaxtda bu komandaya transfer olunub.

Yığmamızın tarixində ən böyük uğuru olan Albena kuboku ilə yanaşı, ən böyük hesablı qələbəsi də məhz klubla görüşə təsadüf edib. Belə ki, Azərbaycan İsveçrə təmsilçisi “Vintertur”un qapısından 12 cavabsız top keçirib. Bu qollardan 6-nı isə Samir Ələkbərov vurub. Veteran hücumçu həm də klublarla yoldaşlıq görüşündə ilk qolun müəllifidir. Samir “Traktorsazi” (İran) ilə görüşdə fərqlənib. Klublarımızın indiyədək beynəlxalq miqyasda 12:0 hesablı qələbə qazanmadığını nəzərə alsaq, isveçrəlilər üzərində həmin darmadağın ən böyük hesablı qalibiyyətimiz sayılır.

Qeyd edək ki, Foqtsun məşqçilik karyerası üzərində ən böyük uğuru məhz çexlərlə görüşə təsadüf edir. Alman çalışdırıcı 1996-cı ildə Almaniya yığmasını Avropa çempionluğunu qazandırarkən, finalda məhz bu ölkənin millisini üstələyib – 2:1. Çexlərin Foqtsdan həmin məğlubiyyətin əvəzini çıxmağa çalışması sabahkı görüşü prinsipiallaşdıran məqamlardandır. Dubayın “Cəbel Əli” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Azərbaycan yığmasının indiyədək klublarla oyunları

18.11.1992. Təbriz. “Təbriz” (İran) - Azərbaycan - 0:0
Baş məşqçi: Əhməd Ələsgərov

20.11.1992. Təbriz. “Traktorsazi” (İran) - Azərbaycan - 1:1
Baş məşqçi: Əhməd Ələsgərov

23.08.1994. Sankt-Qallen. “Sankt-Qallen” (İsveçrə) - Azərbaycan - 1:0
Baş məşqçi: Ağasəlim Mircavadov

24.08.1994. Vintertur. “Vintertur” (İsveçrə) - Azərbaycan - 0:12
Baş məşqçi: Ağasəlim Mircavadov

16.03.1995. Larnaka (Cənubi Kipr). Azərbaycan – “Kolos” (Rusiya) - 2:1
Baş məşqçi: Ağasəlim Mircavadov

18.03.1995. Larnaka. Azərbaycan – “Skonto” (Latviya) - 1:0
Baş məşqçi: Ağasəlim Mircavadov

21.03.1995. Larnaka. Azərbaycan - AEL (Kipr) - 2:0
Baş məşqçi: Ağasəlim Mircavadov

04.03.1997. Larnaka. Azərbaycan – “Norçepinq” (İsveç) - 1:1 (penalti - 4:3)
Baş məşqçi: Vaqif Sadıqov

06.03.1997. Larnaka. Azərbaycan – “Molde” (Horveç) - 0:0 (penalti - 7:6)
Baş məşqçi: Vaqif Sadıqov

08.03.1997. Larnaka. Azərbaycan – “Kunqsvinger” (Horveç) - 0:3
Baş məşqçi: Vaqif Sadıqov

08.03.1999. Larnaka. Azərbaycan – “Hammarbü” (İsveç) - 0:1
Baş məşqçi: Vaqif Sadıqov

10.03.1999. Larnaka. Azərbaycan – “Metallurq” (Rusiya) - 1:3
Baş məşqçi: Vaqif Sadıqov

13.03.1999. Larnaka. Azərbaycan – “Krılya Sovetov” (Rusiya) - 0:3
Baş məşqçi: Vaqif Sadıqov

15.01.2000. Sandansk (Bolqarıstan). Azərbaycan – “Tom” (Rusiya) - 2:1
Baş məşqçi: Əsgər Abdullayev

20.03.2000. Sandansk. Azərbaycan – “Vihren” (Bolqarıstan) - 3:0
Baş məşqçi: Əsgər Abdullayev

22.01.2000. Sandansk. Azərbaycan – “Belasitsa” (Bolqarıstan) - 2:0
Baş məşqçi: Əsgər Abdullayev

16.07.2000. Varna (Bolqarıstan). “Dorostal” (Bolqarıstan) - Azərbaycan 0:1
Baş məşqçi: İqor Ponomaryov

19.07.2000. Varna. ”Çernomorets” (Bolqarıstan) - Azərbaycan - 0:3
Baş məşqçi: İqor Ponomaryov

23.07.2000. Varna. Şərqi Bolqarıstanın klub yığması - Azərbaycan - 0:6
Baş məşqçi: İqor Ponomaryov

Beynəlxalq turnir

17.02.2001. Albena (Bolqarıstan). “Dobruca” (Bolqarıstan) - Azərbaycan - 1:2
Baş məşqçi: İqor Ponomaryov

18.02.2001. Albena. “Midia” (Rumıniya) - Azərbaycan - 4:2
Baş məşqçi: İqor Ponomaryov

20.02.2001. Albena. “Niva” (Ukrayna) - Azərbaycan - 1:3
Baş məşqçi: İqor Ponomaryov

22.02.2001. Albena. “Dnepr-2” (Ukrayna) – Azərbaycan – 0:2
Baş məşqçi: İqor Ponomaryov

24.02. 2001. Albena. “Farul” (Rumıniya) - Azərbaycan - 0:1
Beynəlxalq turnir

09.02.2002. Albena. “Dobruca” (Bolqarıstan) - Azərbaycan 0:0
Baş məşqçi: Kazbek Tuayev

12.02.2002. Albena. “Bad-Blayberq” (Avstriya) - Azərbaycan - 1:1
Baş məşqçi: Kazbek Tuayev

14.02.2002. Albena. “Lada” (Rusiya) - Azərbaycan - 0:2
Baş məşqçi: Kazbek Tuayev

16.02.2002. Albena. Azərbaycan - Volın (Ukrayna) - 3:1
Baş məşqçi: Kazbek Tuayev

17.02.2002. Azərbaycan – “Stal” (Ukrayna) - 1:3
Baş məşqçi: Kazbek Tuayev

29.06.2002. Kuressaare (Estoniya). Azərbaycan - Kuressaare (Estoniya) - 3:0
0