“Kocaelispor”da Rəşad Sadıqova əvəzləyici tapıldı
06.02.2009 - 13:31
“Kocaelispor”da Rəşad Sadıqova əvəzləyici tapıldı
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun formasını geyindiyi Türkiyənin “Kocaelispor” klubu sabah Superliqada növbəti görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, Sivas şəhərində yerli “Sivasspor”un qonağı olacaq İzmit təmsilçisi zədəli oyunçularla bağlı problemini hələ də həll edə bilməyib.

Belindəki ağrılardan əziyyət çəkən Sadıqov da komandasının zədəliləri sırasında yer alıb. 27 yaşlı müdafiəçinin Sivasa yollanacağı gözlənilsə də, səfərə aparılmayıb. Belə ki, müalicəsi ilə bağlı İzmitdə qalan həmyerlimiz bu gün Sivasa yollanaraq, “Kocaelispor”a qoşulacaq. Onun qarşılaşmada iştirak-edib etməyəcəyi də bu günkü məşqdə, bəlkə də oyun saatında müəyyənləşəcək. Yığmamızın kapitanının oynaması üçün əlindən gələni edən klub rəsmiləri onun meydana çıxa bilməyəcəyinə hazırdır. Onların fikrincə, Sadıqovun əvəzinə meydana Muhammedin çıxması da müdafiə səddini pozmayacaq.

Qeyd edək ki, Ramal Hüseynov da Sivasa aparılıb.
0