Demyanenko: Azərbaycan futbolunda danışılmış oyunlar var
06.02.2009 - 16:06
Demyanenko: Azərbaycan futbolunda danışılmış oyunlar var
“Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko Ukrayna mətbuatına geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, 50 yaşlı ukraynalı mütəxəssis bir sıra maraqlı açıqlamalar verib. Həmin müsahibənin Azərbaycanla bağlı hissəsini təqdim edirik.

- Kiyev “Dinamo”sundan gedəndən üç ay sonra “Neftçi”yə rəhbərlik etdiniz. Niyə məhz bu klubu seçdiniz?
- Rusiya komandalarından da təklif almışdım. Cənubi Afrika Respublikasına çağırırdılar, yaxşı qonorar vəd edirdilər. Ancaq məni qane edən variantlar yox idi. Bakıdan gündə bir neçə dəfə zəng edirdilər, məni dilə tuturdular. “Neftçi” Azərbaycanda xalqın komandası sayılır. Buna görə də, rəhbərlik hələ SSRİ dövründən məşhurlaşan ənənəni bərpa etmək istəyir. Bu iddia ürəyimcə idi. Sevinirdim ki, mənə yenidən tələbat var. Ola bilsin ki, Kiyev “Dinamo”sunun “Neftçi” ilə SSRİ dövründən oyunların nostalgiyası öz sözünü dedi. Qarşımda qoyulan vəzifə daxili çempionatın liderlərinə rəqabət yaratmaq və Avropa səviyyəsinə çıxmaq idi.

- Siz Azərbaycana yad ölkəyə olduğu kimi gedirdiniz? Yaxud, indiyə kimi oranı SSRİ respublikalarından biri kimi yaxın məkan sayırsınız?
- SSRİ olması istər-istəməz hiss olunur. Komandada hamı rusca danışırdı.

- Niyə gözlənilmədən “Neftçi”ni tərk etdiniz?
- Orada işləmək çətin oldu. Çox şey söz verdilər, ancaq demək olar heç nə yerinə yetirmədilər. Nə baza, nə məşq meydançası vardı. Uşaq məktəbi də açılmadı. Səkkiz ay keçdi. Başımı divara vurmalı idim? Orada xalq qəribədir. Həm həyatda, həm də futbolda – hər yerdə pərdəarxası oyunlar çoxdur.

- Danışılmış şeylər?
- Mən belə deməyəcəyəm. Tutulmamısansa, oğru deyilsən. Soruşurdum ki, niyə bu baş verir? Heç olmasa, bəzi suallarıma cavab verin. Onlar isə cavabında “Tolya, sən bunu başa düşməzsən, biz belə millət, belə xalqıq” deyirdilər.

- Ancaq, yəqin ki, sizdən əvvəl orada çalışan məşqçilər xəbərdarlıq etmişdi...
- Xəbərdarlıq etmişdilər. Buna baxmayaraq, ora getdim. Çünki məndən futbollarını qaldırmaq, yaxşı komanda yaratmaq xahiş etmişdilər... Hesab edirəm ki, İntertoto kubokunda heç də pis çıxış etmədik. Azərbaycan tarixində ilk dəfə iki mərhələ adladıq.

- Əhval-ruhiyyəniz də ilk olaraq şad idi?
- İşləmək istəyirdim! Mən komandanı qəbul edəndə liderdən xeyli geri qalırdıq. Yaxşı start götürdük. Ancaq sonradan anlamadığım şeylər baş verdi. Çox əcaib şeylər idi.

- Neçə illərdir ki, futboldasınız. Amma yenə başa düşə bilmirdiniz?
- İlk olaraq belə idi. Ancaq mövsümün sonuna yaxın vəziyyətin nə yerdə olduğunu anlamağa başladım. Türkiyədə yaxşı hazırlıq keçdiyimizdən komanda yaxşı oynayırdı. Hər şey normal idi. Bir də görürəm ki, heç-heçə etdik. Ardınca daha bir heç-heçə. Sonra məğlub oluruq. Mən heç nə almırdım.

- Bakının “İnter” klubunun sabiq baş məşqçisi Anatoli Konkov deyirdi ki, Demyanenko Azərbaycanda ən gözlənilməz çətinliklərlə üzləşəcək. Oradakı insanların baxışları, işə yanaşmaları tam fərqlidir. Heç kim işləməyə çalışmır, əvəzində əcnəbilərə diqqət üçqat artıqdır... İndi orada kiçik olmayan pullar fırlanır...
- Mən səbəbləri tapmağa çalışırdım. Bunu mənə inandırmağa çalışırdılar. Deyirdilər ki, Tolya bunu sənə necə deyək... Bizdə bu belə qəbul olunmayıb, ancaq belə alınır.

- Maraqlıdır, komandadakı legionerlərlə necə yola gedirdiniz? Axı Kiyev “Dinamo”sunda belə təcrübəniz var idi...
- Mən legioner nə olduğunu yaxşı bilirəm. Əgər onlar oynamağa gəlirlərsə, ustalıq səviyyəsinə görə yerli oyunçulardan bir baş üstün olmalıdırlar. Ancaq “Neftçi”də olan legionerlərin səviyyəsi “Dinamo” ilə müqayisədə çox aşağıdır. Bu hər cəhətdə - həm futbol, həm məişət, həm də insani keyfiyyətlərdə əks olunur. Onlar tələb olunanları vermirdilər. “Neftçi”nin prezidenti Əkbər Hacıyevlə yaxşı münasibətlərim var. Mən ona yaxınlaşıb vəziyyəti başa saldım. Dedim, işləmək çətindir. Çünki arxamda bəzi işlər görüldüyünü hiss edirəm. Lakin başımı divara vurmaq istəmirəm.

- Onun üçün bu söhbət gözlənilən idi?
- Düşünürəm ki, hə.

- Prezident komandada qalmağınızı təkid etdi?
- Elə də çox yox. Biz səmimi söhbət etdik. O, belə dedi: Hə, Tolya, həqiqətən də bundan sonra sizə işləmək çətin olacaq. Ona görə ki, sizin işə necə can yandırdığınızı görürəm. Prezident mövqeyimi başa düşdü, düzgünlüyümü, insanlığımı anladı.

- Əgər sizi üzüyola, danışıqlara gedən insan kimi qəbul etsəydilər, həmin “pərdə arxası oyunlar” sferasına buraxardılar?
- Ola bilər.

- Sentyabrda Dnepropetrovskda yeni stadionun açılışında Kiyev “Dinamo”nunun veteranlarının heyətində Moska “Spartak”ıan qarşı oynadınız. Həmin vaxt “Neftçi”nin sabiq baş məşqçisi kimi təqdim olundunuz...
- Elə bu zaman gözlənilmədən internet vasitəsilə Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin haqqımda dediklərimdən xəbər tutdum. O, məni spirtli içkilərə aludə olmaqda ittiham edib, bunu “Neftçi”yə istefaya göndərilməyimə səbəb kimi göstərirdi. Bu, aydın səmada çaxan şimşəyə bənzəyirdi. Məni heç kim işimdən azad etməyib, özüm getmək haqda ərizə yazmışam. Onu da uydururdular ki, guya içkili halda sükan arxasına oturub, Bakıda maşınla gəzmişəm. Əslində isə mənə sürücüsü olan xidməti maşın vermişdilər. Ümumiyyətlə, sükan arxasına əyləşməmişəm. Alqokolu da demək olar ki qəbul etməmişəm.

- Niyə?
- İstəmirəm, vəssalam. Heç vaxt da bundan yararlanmaq istəməmişəm. Bəlkə də gəncliyimdə nəsə olub, hər halda, səni öz yerində oturdurana qədər nəsə etməlisən. Belə isə...

- Yadınıza salın, ola bilsin, hansısa banketdə nəsə içmisiniz və bunu kimsə çəkib, yaxud Bakıda ad gününüzü qeyd etmisiniz...
- Orada banketləri gəzməmişəm. Ad günümdə isə ailəm yığışmışdı. Ümumiyyətlə, mən Bakıda heç nə içməmişəm. Elə da yazın. Həkimlər mənə “böyrək diatezi” diaqnozu qoyub və deyiblər ki, yalnız çox az içmək olar. Bir qədər pivə, bir az da çaxır...

- Bəlkə siz Azərbaycanı erkən tərk etməklə, kiminsə fikrincə, ona kölgə salmısınız?
- Bu, mümkündür.

- Çox narahat idiniz?
- Mənim üçün xoş deyildi. Ancaq bilirsiz, ən əsası, öz vicdanın qarşısında təmiz olmaqdır. Əvvəllər də haqqımda, başqaları barəsində də yazırdılar. Yazılanlardan yuxarıda durmaq lazımdır. Həyat hər şeyi yerbəyer edəcək. Allah göydən baxır. Bakıdan klubun prezidenti Əkbər Hacıyev mənə zəng vurdu, dedi ki, Tolya, məsələni ayırd edəcəyəm. Görünür, hansısa səfeh kiminsə sifarişi yerinə yetirib. Ramin Musayev haqqımda pis şey demədiyini söylədi və təkzib etdi. Başqa insanlar da mənə zəng vururdu.
0