Azərbaycan yığmasının rəqibi daha bir futbolçusunu itirdi
07.02.2009 - 10:58
Azərbaycan yığmasının rəqibi daha bir futbolçusunu itirdi
Azərbaycan milli komandasının bu gün qarşılaşacağı Çexiyanın “Slaviya” klubu daha bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışını başa vurmaqda olan çexiyalıların heyətindəki zədəlilərə daha bir oyunçu əlavə olunub.

Belə ki, “Slaviya”nın təcrübəli müdafiəçisi David Hubaçek məşqdə sıradan çıxıb. Onunla yanaşı, Vladimir Şmitser, Marek Suşi və Yaroslav Çernı da zədədən əziyyət çəkir.

2005-ci ildən Praqa təmsilçisində çıxış edən Hubaçek bu komandanın heyətində Çexiya çempionatının 84 oyununda forma geyinib. 32 yaşlı futbolçunun xidmətindən məhrum olan baş məşqçi Karel Yarolim digər zədəli Petr Yandanın durumunun qaydasına düşməsi ilə təsəlli tapır. Ötən ilədək Çexiyanın 21 yaşlılardan ibarət milli komandasına dəvət olunan 22 yaşlı yarımmüdafiəçi artıq məşqlərə başlayıb. Bir müddət hazırlıqlardan kənarda qalan Petr 16 yaşında transfer olunduğu “Slaviya”da 46 çempionat matçına çıxıb.

Qeyd edək, Dubayın “Cəbel Əli” stadionunda keçiriləcək yoldaşlıq görüşü Bakı vaxtı ilə saat 16:30-da başlanacaq.
0