“Futbolçularımızın psixologiyası belədir: pul qazan, “Cip” al, sür prospektə...”
07.02.2009 - 12:47
“Futbolçularımızın psixologiyası belədir: pul qazan, “Cip” al, sür prospektə...”
“Futbolçular və onların agentlərinin çoxu hələ də maliyyə böhranının miqyasını dərk etməyib. Elə qiymətlər oxuyurlar ki...” Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya birinci divizionunda mübarizə aparan “Ural” futbol klubunun prezidenti Qriqori İvanov deyib.

O, futbolçuların transfer qiymətindən şikayətlənib. Azərbaycan futbolunda da rast gəlinən süni bahalaşma məsələsinə toxunan İvanov belə oyunçuları kəskin tənqid edib: “Birinci divizionda çıxış edən futbolçu üçün 400-500 min dollar istəyirlər. Göydən yerə enmək vaxtı çatıb! Hər şeyə real baxmaq lazımdır. İndi futbolda ayağı top tutmağı yeni öyrənən uşaq da böyük əmək haqqı istəyir. Bizdə bir dəstə futbolçu bu komandadan o birinə gəzə-gəzə daha yaxşı əmək haqqı axtarır. Ustalığı artırmağı düşünmürlər”.

Maraqlıdır ki, “Ural”ın prezidenti maliyyə böhranının futbolun xeyrinə olacağını fikirləşir: “Perspektiv vəd edən balaca oğlan pul almağa başladısa, inkişaf etməyinə ehtiyac yoxdur. Futbolçularımızın psixologiyası belədir: pul qazan, “Cip” al, sür prospektə və futbol oynamağı bitir. Gənclər pul qazanmalıdır. Amma bizdə onlar pulu alırlar. Buna aid o qədər nümunə var ki... Baxışda can qoyur, bəyənilir, lakin müqavilədən sonra tam dəyişir”.
0