Türkiyə yığması Azərbaycanla iyunun 2-də qarşılaşacaq
09.02.2009 - 11:02
Türkiyə yığması Azərbaycanla iyunun 2-də qarşılaşacaq
Azərbaycan milli komandası Türkiyə ilə yoldaşlıq görüşü keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız türkiyəlilərlə iyunun 2-də səfərdə qarşılaşacaq. Bununla da komandamız ilk dəfə Türkiyədə yoldaşlıq görüşü keçirəcək.

Belə ki, türkiyəlilərlə hər iki sınaq matçı Tofiq Bəhramov adına Respublika stadionunda olub. Milli komandamız Bakıda ilk oyununu 1996-cı ilin aprelində məhz Türkiyəyə qarşı keçirib və 0:1 hesabı ilə uduzub. Özü də həmin vaxt rəqib komandanın baş məşqçisi olan Fatih Terim hazırda da millinin sükanı arxasındadır. Türklərlə son görüşümüz 2006-cı ilin aprelində olub və həmin matç 1:1 hesabı ilə nəticələnib. “Ay-ulduzlular” 2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində də qrupumuzda rəqib olub. Bakıda bizi minimal hesabla yenən (1:0) türkiyəlilər öz meydanında böyük hesabla qələbəyə sevinib – 3:0.

Qeyd edək ki, milli komandamızın Türkiyə ilə qarşıdakı görüşü cari seçmə mərhələdə Uels yığması ilə Bakıda oyuna hazırlıq xarakteri daşıyacaq. Yığmamız bu yoxlama oyunundan dörd gün sonra – iyunun 6-da uelsliləri qəbul edəcək.
0