Araz Abdullayev hara gedir?
09.02.2009 - 10:36
Araz Abdullayev hara gedir?
Avropa çempionatının ikinci seçmə mərhələsində mübarizə aparacaq Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası yarışda əsas heyətlə çıxış edə biləcək. Apasport.az saytının məlumatına görə, martın 19-24-də Lüksemburqda keçiriləcək oyunlarda milli komandanın üzvü olan Araz Abdullayev də U-17-nin sıralarında olacaq. Həmin turnirə hazırlıq məqsədilə 17 yaşlıların fevralın 26 və 28-də Gürcüstan yığması ilə Sumqayıtda keçirəcəyi yoxlama matçlarında da Abdullayev komanda ilə birgə olacaq.

Hazırda Azərbaycan milli komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışında olan Araz AFFA-nın rəsmi internet saytına verdiyi açıqlamada həmyaşıdlarına kömək etməyə hazır olduğunu bildirib: “Millinin və klubun heyətində qazandığım bütün təcrübə və bacarığımı sərf edərək daha böyük uğurlara nail olmağa çalışacağam”.

Milli komandanın baş məşqçisi Berti Foqts Emin Cəfərquliyevin də həmyaşıdlarına kömək etmək məqsədilə U-21-in heyətində oynamasına icazə verib. Baş məşqçinin bu təklifini məmnuniyyətlə qarşılayan müdafiəçi AFFA-nın rəsmi saytına açıqlamasında fikrini belə ifadə edib: “İstənilən milli komandamızın şərəfini qorumaq hər bir futbolçu üçün böyük şərəfdir. Bu mənada məsləhət görüldüyü təqdirdə həmyaşıdlarımla birlikdə ölkə futbolunun şərəfini qorumağa hər zaman hazıram”.

Qeyd edək ki, Abdullayev Berti Foqtsun rəhbərlik etdiyi milli komandada Çexiyanın “Slaviya” klubu ilə fevralın 7-də görüş nəzərə alınmamaqla 2, Cəfərquliyev isə 1 oyun keçirib.
0