Qus Hiddink Azərbaycanla görüşdə palçığa girmək istəmir
09.02.2009 - 11:19
Qus Hiddink Azərbaycanla görüşdə palçığa girmək istəmir
“Əsas hücumçularımız Arşavinlə Pavlyuçenkonun Azərbaycan və Lixtenşteyn yığmaları ilə oyunlara hazırlıq çərçivəsində toplanışda iştirak etməməyində qorxulu heç nə yoxdur. Arşavin “Arsenal”ın baş məşqçisi Arsen Vengerin tələblərinə və yeni komanda yoldaşlarına uyğunlaşmalıdır. Pavlyuçenko isə “Tottenhem”də daim oynayır və hazırda yaxşı formadadır”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib.

Komandasını Azərbaycan və Lixtenşteyn kimi qrup autsayderlərinə qarşı hazırlaşdırmasına toxunan holland mütəxəssisin sözlərinə görə, müasir futbolda zəif yığmalar qalmayıb: “Hazırda reytinqi yüksək olmayan komandalar istənilən rəqibə böyük problemlər yaratmaq iqtidarındadır. Əgər oyuna zəif yanaşsan, necə deyərlər, “palçığa girə bilərsən”. İsveçrənin az öncə evdə Lüksemburq yığmasına məğlubiyyətini xatırlayın. Ümid edirəm ki, biz sensasiyadan qaça biləcəyik”.

Hiddink deyib ki, futbolçuları Azərbaycan və Lixtenşteyn kimi yığmalara qarşı kökləməyə ehtiyac yoxdur və onlar hər şeyi çox gözəl başa düşürlər: “Komanda istənilən oyuna tam konsentrasiya olunmuş şəkildə çıxmalıdır. Fərqi yoxdur, Almaniya, İngiltərə, yaxud Azərbaycanla oynayırsan. Yeri gəlmişkən, qarşıdakı rəqiblərimizin bizimlə oyuna ciddi hazırlaşdığını, xaricdə təlim-məşq toplanışı keçdiyini və güclü rəqiblərlə yoxlama oyunu keçirdiyi haqda məlumatlıyam. Yəni, bütün bunlar Rusiya ilə oyunda uğurla çıxış etməyə hesablanıb. Yazdakı oyunlarda maksimum - altı mümkün xaldan altısını da götürməyimiz üçün çox çalışmalıyıq”.

Hazırda qrupda nəzarəti əldə saxladıqlarını bildirən təcrübəli məşqçi hər şeyin ilk növbədən özlərindən asılı olduğunu qeyd edib: “Əsas odur ki, Almaniya ilə Moskvadakı oyuna qədər qüvvələr nisbəti çox dəyişilməsin və uğur güclü rəqibə qabaqlamağa imkan versin. Bunun reallaşması üçün xal itirməməliyik. Məqsədimizə doğru addım-adım irəliləyirik. Əvvəlcə Azərbaycan, daha sonra Lixtenşteyn, Finlandiya və belə ardıcıllıqla hazırlaşırıq. Hələ ki birinci yeri tutmaq imkanımız varsa, bundan necə istifadə etmək haqda fikirləşməliyik”.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu martın 28-də Moskvada “Lujniki” stadionunda keçiriləcək.
0