Sinan Dəmircan: “Bakı”ya uyğunlaşmaq üçün mənə vaxt lazımdır
09.02.2009 - 12:46
Sinan Dəmircan: “Bakı”ya uyğunlaşmaq üçün mənə vaxt lazımdır
“Bakı”ya keçidimdə klubda vitse-prezident postunu tutan Tunc Afşar vasitəçi oldu. Onu ötən mövsüm “Çaykur Rizəspor”da çıxış etdiyim vaxtdan tanıyıram. Həmin vaxt komandamızın prezidenti idi”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun yeni transferi Sinan Dəmircan deyib.

“Beşiktaş”ın yetirməsi olan 20 yaşlı hücumçu bakılılarla 2,5 il müddətinə müqavilə bağlayıb. Sinan “qızıl dubl” etməyə iddialı paytaxt komandasında əsas heyətə düşməsinin çətin olacağını gizlətmir: “Komandada böyük rəqabət var. Hücum xəttini gücləndirən “Bakı” misirli Hasan Suari ilə braziliyalı Roşa Batistanı alıb. Mənə yeni komandaya uyğunlaşmaq üçün vaxt lazımdır. Üstəlik, aldığım zədəyə görə fiziki hazırlığım yüksək səviyyədə deyil. “Bakı” isə çempionluğa oynayan komandadır və çoxlu futbolçusu olduğu üçün əsas komandaya düşmək çətindir. Baş məşqçi Qyoko Hacıyevski ilə söhbətim oldu. Belə məsləhət olundu ki, qarşıdakı altı ayda həm oyun praktikası sarıdan korluq çəkməmək, həm də uyğunlaşma, hazırlıq prosesinə diqqət yetirmək üçün daha çox ikinci komandada yer alım. Reallığı nəzərə alaraq, bunda problem görmədim. Hər halda, Türkiyədə də belə praktika var. “Çaykur Rizəspor”da Superliqa ilə yanaşı, əvəzedici komandanın heyətində də meydana çıxırdım”.

Növbəti mövsümdə “Bakı”da möhkəmlənməyə iddialı Dəmircan komanda daxili ab-hava, ona göstərilən münasibəti xüsusi qiymətləndirib: “Antalya toplanışına qatıldığım zaman bunun şahidi oldum. Məni çox isti qarşıladılar. Belə münasibəti görəndən sonra kefim çox yüksəlib”.
0