“Neftçi” Rumıniya yığmasının futbolçusu ilə müqavilə bağladı
10.02.2009 - 10:34
“Neftçi” Rumıniya yığmasının futbolçusu ilə müqavilə bağladı
Bakının “Neftçi” klubu daha bir legionerlə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, flaqman Türkiyənin Antalya şəhərində baxışa çağırdığı rumın yarımmüdafiəçi Marian Aliutanın transferini rəsmiləşdirib. Buxarestin “Styaua” klubunun yetirməsi olan 31 yaşlı orta sahə oyunçusu ilə il yarımlıq müqavilə imzalanıb.

Daha çox “Styaua” və Donetskin “Şaxtyor” klubunda çıxışı ilə tanınan Aliuta Ukraynada üç il oynayıb. 2000-2002-ci illərdə “Şaxtyor”da (47 oyun, 1 qol) forma geyinən Marian sonrakı qayıdışı zamanı Donetskin digər təmsilçisi – “Metallurq”un (2005/06, 23 oyun, 2 qol) şərəfini qoruyub. Ölkə kənarında Moldovada “Şerif” (1999/00), Cənubi Koreyada “Çunnam Draqons” (2005/06), Yunanıstanda “İraklis”də (2006/07) oynayan rumın “Neftçi”də komanda yoldaşı olan Svetoslav Stefanovun çıxış etdiyi “Çanqçun Yatay”da yer alıb. Ancaq Aliuta “Neftçi”nin sabiq hücumçusu Branimir Subaşiçin hazırda danışıqlar apardığı Çin çempionunda Stefanova qədər – 2006-cı ildə oynayıb və 13 oyunda 1 qol vurub.

Ötən il vətənində “Vaslui”da çıxış edən Marian həmin vaxt ölkəmizə gəlib. İntertoto kubokunda komandamızla hər iki görüşdə əsas heyətdə yer alan Aliuta Bakıdakı görüşdə 65, səfərdəki matçda 73 dəqiqə meydanda olub və sarı vərəqə alıb. İki oyunun nəticəsinə görə “Neftçi”ni keçərək UEFA kubokuna vəsiqə qazanan futbolçunun ən böyük uğuru da həmin vaxta təsadüf edir. Yəni Aliuta karyerasında ən böyük uğuru İntertoto kubokunun qalibi olmasıdır. “Vaslui”də bir ildə çempionatda 11 oyun keçirən Marian milli komandasının heyətində 5 dəfə meydana çıxıb.

Qeyd edək ki, “Neftçi”nin qış fasiləsində bunadək “Styaua”nın hücumçusu Adrian Nyaqanı alıb. Onlar flaqmanın tarixində ilk rumın futbolçular olacaq.
0