“İnter” 9 qat ölkə çempionu ilə müqavilə imzalayıb
12.02.2009 - 17:44
“İnter” 9 qat ölkə çempionu ilə müqavilə imzalayıb
Bakının “İnter” klubu Latviya yığmasının futbolçusu Vladimir Kolesniçenkonu transfer edib. Komandanın baş məşqçisi Valentin Xodukinin apasport.az saytına verdiyi məlumata görə, 29 yaşlı hücuma meylli yarımmüdafiəçi ilə yarım illik müqavilə imzalanıb. Karyerasının çox hissəsini Riqa “Skonto”sunda keçirən Kolesniçenko 2000-ci ildə Çempionlar Liqasının ilk təsnifat mərhələsində “Şəmkir”ə qarşı oynayıb. “Moskva” əvvəllər “Torpedo-Metallurq” adlanan dövrdə də bu komandanın şərəfini qoruyan latviyalı Rusiya Premyer-Liqasında 8 oyunda meydana çıxıb. 2006-cı ildən bu yana Latviyanın “Ventspils” klubunda çıxış edən Vladimir ötən ay “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda “İnter”ə qarşı oynamayıb.

Kolesniçenko 1997-ci ildən yer aldığı yığmanın heyətində keçirdiyi 34 matçda 4 qol vurub. Azərbaycana qarşı oynamış Vladimir 9 dəfə Latviya çempionu olub. O, bunun 7-ni “Skonto”, 2-ni “Ventspils”in heyətində əldə edib. Latviya yığmasının yarımmüdafiəçisi Yuri Layzansı transfer edə bilməyən “İnter” onun əvəzinə Kolesniçenko almağa qərar verib. Son Azərbaycan çempionunun cari mövsümdən sıralarında olan Andrey Rubin də Latviya yığmasının yarımmüdafiəçisidir.
0