“Muğan” “Bakı”nın legionerlərini icarəyə götürmür
12.02.2009 - 18:57
“Muğan” “Bakı”nın legionerlərini icarəyə götürmür
Salyanın “Muğan” klubu “Bakı”nın legionerlərini icarəyə götürə bilməyib. Bu barədə apasport.az saytına açıqlamasında klubun icraçı-direktoru Füzuli Əliyev bildirib ki, Burundi çempionu Ndayisaba Floribet, seneqallı Biaye Pape Chekouna və serb Deyan Brankoviçin keçidi baş tutmayıb. Əliyev deyib ki, problem futbolçuların menecerləri ilə bağlıdır: “Afrikalı futbolçuların transfer vərəqələri bir aydan sonra gələcək. Deməli, həmin müddətə qədər onların xidmətindən yararlana bilməyəcəyik. Bizə oynayan, komandaya kömək edə bilən futbolçu lazımdır. Buna görə də afrikalılarla danışığımız baş tutmur və bu məsələni bağlamağı qərara almışıq. Brankoviçin keçidinə həm “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov, həm də baş məşqçisi Qyoko Hacıyevski razı idi. Zədədən yeni sağalan bu müdafiəçiyə oyun praktikası lazım olduğu üçün klub onu cari mövsümün sonuna qədər bizə icarəyə verməyə hazır idi. Ancaq Deyanın meneceri buna razı olmayaraq, futbolçusunun “Bakı”da qalmasını istədi”.

İcraçı-direktor “Qəbələ”nin sabiq hücumçusu Vladimir Tsaranunun məsələsinə aydınlıq gəldiyini vurğulayıb: “Moldovalı hücumçu ilə sabah müqavilə bağlayacağıq. Onun transfer vərəqəsinin göndərilməsi ilə bağlı Moldova Futbol Federasiyasına rəsmi müraciət etmişik. İlk dövrəni müvafiq olaraq “Qarabağ” və “Simurq” klublarında keçirmiş Hüseyn İsgəndərovla Ramil Ağayevi də heyətimizə qatmışıq”.
0