“Qalatasaray”ın əfsanəvi kapitanı Bakıya gəlir
16.02.2009 - 15:50
“Qalatasaray”ın əfsanəvi kapitanı Bakıya gəlir
“Qalatasaray”ın sabiq kapitanı Bülənt Korkmaz Azərbaycana gəlir. Bu haqda apasport.az saytına “Bakı” klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, məşhur futbolçu “Bakı”nın dəvəti ilə ölkəmizə gələcək: “Büləntin Azərbaycana gələcəyi dəqiqdir. Yaxın günlərdə tədbir keçirməyi planlaşdırmışıq. Mövzu Azərbaycan futbolunun gələcəyi, inkişaf istiqamətləri ilə bağlıdır. Qərara gəldik ki, Bakıya tanınan futbolçu dəvət edək və hazırda işsiz olan Bülənt Korkmaza üstünlük verdik. Hər halda, uzun illər “Qalatasaray”da çıxış etmiş bu futbolçu 2000-ci ildə kapitan kimi, UEFA kubokunu başı üzərinə qaldırıb. 2002-ci ildə Türkiyə yığması dünya çempionatının bürünc medalını qazanarkən də Bülənt liderlərdən olub”.

Vitse-prezident bildirib ki, veteran müdafiəçi “Bakı”nın aşağı yaş qruplarından ibarət komandalarla görüşəcək: “Türkiyədə 20 il öncə UEFA kubokunu qazanmaq, avrokuboklarda uğurla çıxış etmək, dünya və Avropa çempionatının bürünc mükafatçısı olmaq bir xəyal idi. Ancaq zaman keçdikdə bunlar reallaşmağa başladı. “Bakı”nın yeniyetmə futbolçuları üçün də belə şeylər xəyal görünür. Əslində, Azərbaycan futbolunun da Türkiyə kimi gələcəkdə uğurları olacaq və buna inanırıq. Bunun üçün uşaq futboluna diqqəti artırırıq”.

Afşar həmyerlisinin səfər proqramı haqda da məlumat verib: “Korkmaz fevralın 20-də axşam saatlarında İstanbul – Bakı hava reysilə gələcək, 22-də səhər geri dönəcək. Onun da qatılacağı tədbirin harada keçiriləcəyi hələ müəyyənləşməyib. Hazırda bunun üzərində çalışırıq. Tədbirin hansı oteldə keçiriləcəyi, başlanma saatı haqda sonradan məlumat verəcəyik”.

Qeyd edək ki, “Bakı” növbəti tur çərçivəsində şənbə günü “Neftçi”ni qəbul edəcək. Büləntin Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyunu da izləyəcəyi gözlənilir.
0