“Rəşad braziliyalı olsaydı, “Fənərbaxça” onu alardı”
17.02.2009 - 15:30
“Rəşad braziliyalı olsaydı, “Fənərbaxça” onu alardı”
“Rəşad Sadıqovun oyununu izləyirəm. Onun “Kocaelispor” klubunda çıxışı xoşuma gəlir. Fikrimcə, futbolçunuz Türkiyənin ortabab komandalarında oynaya bilər”. Bunu apasport.az saytına açıqlamasında türkiyəli FİFA agenti Günal Akça deyib.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovu hələ “Kayserispor”da oynadığı vaxtdan tanıyan Akça həmyerlimizi güclü futbolçu hesab etsə də, onun Türkiyənin böyük klublarına - “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”a keçidini real saymır: “Bu, çox çətindir. Söhbət onda deyil ki, Rəşadın səviyyəsi Türkiyənin böyük komandalarında çıxış etməyə çatmır. Sadıqov öz oyunu ilə “Kocaelispor”dan güclü klublarda yer almağa qadir olduğunu göstərib. Ancaq problem Türkiyədə əcnəbi futbolçulara qoyulan limitlə bağlıdır. Böyük klublarda Sadıqovun mövqeyində, yəni müdafiənin mərkəzində çıxış edən futbolçulara diqqət yetirsək, əksəriyyətin legionerlər olduğunu görərik. Misal üçün, “Qalatasaray”da bu mövqedə portuqaliyalı Fernando Meyra, “Fənərbaxça”da uruqvaylı Luqano ilə braziliyalı Edu, “Beşiktaş”da çexiyalı Tomas Sivok, “Trabzonspor”da kamerunlu Riqobert Sonk oynayır”.

Akça həmin legionerlərin heç də həmişə üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini söyləyib: “Sivokun son turda buraxdığı səhv nəticəsində komandası qol buraxdı. Edu artıq bir neçə dəfə öz qapısına qol vurub. Ancaq məsələ ondadır ki, Edu braziliyalı futbolçudur, öz milli komandasına da cəlb olunub. Sadıqovun təmsil etdiyi Azərbaycanla Braziliya isə müqayisə olunmazdır. Əgər Rəşad da braziliyalı futbolçu olsaydı, elə “Fənərbaxça” onu alardı. Hər halda, müdafiəçiniz Türkiyənin ortababları, “Konyaspor”, “Gənclərbirliyi” klublarında oynamağa layiqdir. Rəşadın hazırkı komandasının isə Superliqada yerini qoruması isə çox çətindir”.

Cümə günü “Qalatasaray”ın əfsanəvi kapitanı Bülənt Korkmazla birgə Bakıya gələcək Akçanın fikrincə, Azərbaycan futbolunun səviyyəsinin yüksəlməsi üçün səviyyəli mütəxəssislərin xidmətindən istifadə etmək lazımdır: “Azərbaycan futbolunun inkişafını istəyirik və buna inanırıq. 20 il öncə Türkiyə futbolu da zəif idi. Amma Zepp Piontek kimi tanınmış alman mütəxəssisin Türkiyədə çalışması ilə vəziyyət xeyli dərəcədə yaxşılığa doğru dəyişdi. Onu demək istəyirəm ki, Azərbaycan futbolunun tərəqqisində də səviyyəli əcnəbilər öz töhfəsini verməlidirlər. Bir sıra ölkələrdə futbolçularımız olsa da, Azərbaycanda çox azdır. Halbuki, sizinlə də əməkdaşlıqda maraqlıyıq və bununla bağlı bir neçə təklifimiz oldu. Tümər Mətinlə Ceyhun Ərişin Azərbaycanda oynaması real idi. Əmrə Aşıkın da yolu Azərbaycandan keçə bilər. Cari mövsüm bitəndən sonra işbirliyimiz yenə yarana bilər”.
0