Azərbaycanda rəqibə tüpürən futbolçu 6 oyunluq cəzalandı
17.02.2009 - 15:42
Azərbaycanda rəqibə tüpürən futbolçu 6 oyunluq cəzalandı
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, NİK birinci divizion, Premyer Liqa klublarının nəzdində olan əvəzedici komandalar, həmçinin futzal birinciliyində baş verən olaylarla bağlı qərarlar çıxarıb.

Aşağı dəstədə keçirilən XV turunun “Energetik” - “Anşad-Petrol” matçının 74-cü dəqiqəsində “sonuncu ümid folu”na görə meydandan qovulan Ruslan Əkbərov 1 oyunluq kənarlaşdırılıb, neftçalalılar isə 20 manat cərimə olunub. ABN – “Qafqaz Universiteti” matçının 90+1-ci dəqiqəsində qırmızı vərəqə alan Amal Əsədovun da cəzası eyni olub. Bərdəli futbolçu ikinci sarı vərəqəyə görə qırmızı vərəqə görmüşdü. Bu qarşılaşmanın 90+2-ci dəqiqəsində “Qafqaz Universiteti”nin meydandan qovulan futbolçusu Ülvi Hacıyevin tamaşaçını təhqir etməsi isə daha ağır cəzaya səbəb olub. Ülvi 2 oyunluq kənarlaşdırılıb, klubu isə 200 manat cərimə olunub.

Xoşagəlməz halın qeydə alınmadığı Premyer Liqa klubları yalnız əvəzedicilərinə görə xərcə düşüb. “Qəbələ” ilə görüşən “Muğan”ın hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan futbolçusu Səməd Rzayev iki oyunluq kənarlaşdırılıb, salyanlılar isə 1000 manat ödəməli olacaq. “Xəzər-Lənkəran”ın qonağı olan “Karvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat ziyana düşüb.

Həvəskar futzalçılar arasında Azərbaycan birinciliyində “İnteqral”ın oyunçusu “fərqlənib”. “Admiral”la oyunun 45-ci dəqiqəsində rəqibini vurub ona tüpürən Kristofer Okema 6 oyunluq cəzaya məruz qalıb. “Normikro” – GMS oyununun 38-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulan Tural Murquzov da cəzalanıb. O növbəti matçda “Normikro”ya kömək edə bilməyəcək.
0