İlqar Əbdürəhmanov “Muğan” klubundan qovuldu
17.02.2009 - 16:13
İlqar Əbdürəhmanov “Muğan” klubundan qovuldu
İlqar Əbdürəhmanov Salyanın “Muğan” klubundan qovulub. Bu barədə apasport.az saytına komandanın icraçı-direktoru Füzuli Əliyev məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı müdafiəçinin adının iştirak ərizəsində olmasına baxmayaraq, heyətdən uzaqlaşdırılıb: “O, idmançıya yaraşmayan hərəkətləri ilə yadda qalır. Bu gün keçirdiyimiz toplantıda futbolçulardan biri deyir ki, Əbdürəhmanovu bağışlayın. Axı, indiyədək şıltaqlıq edən İlqarı necə geri qaytara bilərik? Bir dəfə gəldi ki, Nalçik “Spartak”ına baxışa gedirəm, amma sorağı Türkiyədən gəldi. Ardından dedi ki, nənəm dünyasını dəyişdiyi üçün Qaxa gedirəm. Daha sonra bacısının pasport problemini əsas gətirərək, Rusiyaya yollandı”.

Azərbaycan Premyer Liqasında qış “transfer pəncərəsi” artıq bağlandığından, Əbdürəhmanov başqa kluba keçə bilməz. İcraçı-direktor vaxtilə milli komandamızda çıxış edən futbolçunu geri qaytarmaq fikrində olmadıqlarını söyləyib: “İlqar son dəfə ya transfer vərəqəsinin verilməsi, ya da məvacibinin artırılması məsələsini qaldırdı. Onunla cari mövsümün sonunadək müqaviləmiz var. Hazırlığımıza qatılmayan Əbdürəhmanovdan formasını qaytarmağı desək də, hələ xəbər-ətər yoxdur. Onu ötən yay transfer edəcəyimiz zamanı müqavilə ilə “Bakı”ya məxsus idi. İlqarı almaq üçün 5 min dollar vermişdik. Getmək istəyirsə, ona görə ödədiyimiz pulu qaytarsın”.

Qeyd edək ki, İlqar kuboku da nəzərə alsaq “Muğan”ın heyətində 12 oyun (1018 dəqiqə) keçirib və 2 sarı vərəqə alıb.
0