Türkiyə - Azərbaycan matçında şou proqram olacaq
17.02.2009 - 16:23
Türkiyə - Azərbaycan matçında şou proqram olacaq
“Azərbaycan milli komandası ilə keçirəcəyimiz yoldaşlıq görüşünə böyük dəyər veririk. Bu oyunun Türkiyənin ən müasir stadionunda təşkil olunması barədə çıxardığımız qərar heç də təsadüfi deyil”. Bunu apasport.az saytına açıqlamasında Türkiyə Futbol Federasiyasının (TFF) I vitse-prezidenti Lutfi Arıboğan deyib.

TFF rəsmisi bildirib ki, iyunun 2-də Kayseri şəhərinin “Kadir Has” stadionunda baş tutacaq yoldaşlıq oyunu üçün xüsusi hazırlıq işləri görüləcək: “Bu, “Kadir Has”da ilk beynəlxalq görüş olacaq. Bu səbəbdən də stadionun açılışı münasibətilə qarşılaşmanın əvvəlində türk sənətçilərin ifasında şou proqram nəzərdə tutmuşuq. Açığı, azəri sənətçilərə dəvət göndərməmişik. İstəsələr, onları da proqrama cəlb edə bilərik. Kayserilər də öz çılğınlıqları ilə bu qarşılaşmaya əlavə rəng qatacaqlar”.

Arıboğan TFF və AFFA arasındakı əlaqələrə də toxunub. Son zamanlar iki qurum rəsmilərinin az görüşdüyünü etiraf edən vitse-prezident Azərbaycandan dəvət gözlədiklərini söyləyib: “Həqiqətən də axır zamanlar bir o qədər də çox görüşmürük. TFF və AFFA rəhbərliyinin başı öz işlərinə qarışıb. Çünki hər iki federasiyanın prezidenti yeni seçilib. TFF-də Mahmut Özgener, AFFA-da isə Rövnəq Abdullayev ötən il öz vəzifələrinin icrasına başlayıb. Sizdən dəvət gələrsə, federasiyamızın rəsmiləri böyük məmnuniyyətlə Bakıya səfər edər, AFFA-nın əməkdaşları ilə görüşər, görülən işlərlə tanış olar”.

Qeyd edək ki, iyunun 2-də gerçəkləşəcək oyun Azərbaycan və Türkiyə milli komandaları arasında sayca 5-ci olacaq. İndiyədək yığmamız “ay-ulduzlular”la Türkiyədə yoldaşlıq görüşü keçirməyib. Azərbaycanlı və türk futbolçular 1996-cı (0:1) və 2006-cı ilin aprelində (1:1) Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq oyununda qarşılaşıblar. Bundan başqa, qardaş ölkələrin komandaları 2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində eyni qrupda mübarizə aparıblar. Bakıda minimal hesabla uduzan yığmamız səfərdə qapısından 3 cavabsız top buraxıb.
0