İlqar Əbdürəhmanov: “Muğan”dan qovulmamışam, özüm getmişəm
17.02.2009 - 17:25
İlqar Əbdürəhmanov: “Muğan”dan qovulmamışam, özüm getmişəm
“Düzdür, “Muğan” transferim üçün “Bakı”ya 5000 dollar ödəyib. Ancaq bunun əvəzini ilk dövrədə öz oyunumla vermişəm. İndiyədək “Muğan”da havayı çıxış etmişəm”. Bunu apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubundan kənarlaşdırılan İlqar Əbdürəhmanov deyib.

30 yaşlı müdafiəçi mövsümlərarası fasilədə keçdiyi komandada oynamaq istəməyib: “Əslində, məsələni açılmasını istəmirdim. Ancaq əgər klub mənimlə bağlı rəsmi açıqlama verirsə, onda mən də öz mövqeyini bildirirəm. İlk dövrədə komandada demək olar pulsuz oynamışam. Ayda 500 dollar alırdım. Həmin 5000 dolları hər ay maaşımdan çıxırdılar. Düzdür, bir dəfə əmək haqqımı qaldırsalar da, “Bakı”ya verdikləri pulu çıxmaqda davam edirdilər. Altı ayı çıxmışdılar, qalmışdı dörd ay. Bu da 2000 dollar təşkil edirdi. Bu, xırda söhbətdir və kluba onu yaraşdırmadım. Şərtlərim yerinə yetirilmədiyi üçün klubdan getməyə qərar verdim. Məvacibimin qaldırılmasını istədim. Bir legionerin sifariş olunmasına görə 20 min manat rüsum ödənilir. Həmin əcnəbi futbolçu, nigeriyalı müdafiəçi Erik Obidike də çox keçməmiş komandadan çıxarılır”.

Vaxtilə milli komandamızda oynayan Əbdürəhmanovun sözlərinə görə, Premyer Liqanın ikinci dövrəsində başqa klubda çıxış etmək imkanı olub: “Adını açıqlamaq istəmədiyim paytaxt komandasına keçmək variantım var idi və danışığımız baş tutmuşdu. Ancaq “Muğan” sərbəst gedişimə icazə vermədi. Qalan məbləğin ödənilməsini gündəmə gətirdilər. Premyer Liqanın “transfer pəncərəsi” bağlandı və artıq başqa kluba keçə bilmərəm. Mən də “Muğan”da çıxışımı davam etdirməkdən imtina etdim. Yəni, qovulmamışam. Eybi yoxdur, üç ay heç yerdə oynamaram, özüm üçün məşq edib, formamı saxlayaram. Qalan məbləği ödəmək fikrim yoxdur. Çünki ilk dövrədə sağlamlığım bahasına komanda üçün can yandırmışam”.

Qeyd edək ki, İlqar ötən mövsümün ikinci yarısında da klubsuz qalmışdı. Həmin vaxt mövsümə “Bakı” ilə başlayan təcrübəli futbolçu sonradan özünə yeni klub axtarsa da, ikinci dövrədə heç yerdə oynamadı.
0