Bülənt Korkmaz: Azərbaycanda sevə-sevə çalışaram - EKSKLÜZİV
17.02.2009 - 19:18
Bülənt Korkmaz: Azərbaycanda sevə-sevə çalışaram - EKSKLÜZİV
“Azərbaycandan hər hansı dəvət almamışam. Ancaq belə bir təklifin olmasını istərdim. Çünki ölkəniz bizim üçün doğmadır və orada çalışmaq yaxşı olardı”. Bunu apasport.az saytına eksklüziv açıqlamasında “Qalatasaray” klubunun əfsanəvi kapitanı Bülənt Korkmaz deyib.

Futbolçu karyerası boyu yalnız “Qalatasaray”da çıxış edən 41 yaşlı veteran müdafiəçi 21 il (1984 - 2005-ci illər, 630 oyun, 15 qol) “Cim Bom”un şərəfini qoruyub və 8 çempionluq, 6 ölkə kuboku qazanıb. 2005-ci ildə karyerasını bitirdikdən sonra “Kayseri Ərciyyəspor”, “Bursaspor” və “Gənclərbirliyi” klublarını çalışdıran, hazırda isə işsiz olan Korkmaz ölkəmizdən təklif gözləyir: “Sizə bir şey deyim ki, mən bir yerdə uzun müddət işləmək istəyirəm. Bu, baş tutarsa, nailiyyət də olacaq. İstəyim hədəfi olan komandada çalışmaqdır. Bunun Türkiyədə, yaxud kənarda olması önəmli deyil. Əsas məsələ uzun müddət çalışmaq və qarşıya qoyulan hədəfdir. Mən də buna çatmaq uğrunda öz töhfəmi verəcəyəm. Təbii ki, Azərbaycandan təklif gələrsə, bunu qəbul etməyə hazıram. Niyə də olmasın? Axı, biz Azərbaycana qardaş ölkə gözü ilə baxırıq. Ölkəniz inkişaf etməkdədir və bizim də faydamız olarsa, buna görə şad olardıq. Azərbaycandan təklif gələrsə, danışıqlar masası arxasına əyləşib, şərtləri müzakirə edərik. Mən də həmin vaxt öz prinsiplərimi açıqlayaram və uyğun olarsa, əməkdaşlığımız gerçəkləşər. Azərbaycanda belə bir klub olarsa, sevə-sevə çalışaram”.

Qeyd edək ki, Bülənt 2000-ci ildə “Qalatasaray”ın heyətində UEFA kubokunu və UEFA Superkubokunu qazanıb. Türkiyə milli komandasında heyətində keçirdiyi 105 oyunda 3 qol vuran Korkmaz yığma ilə dünya çempionatının və Konfederasiyalar kubokunun bürünc mükafatçısı olub.
0