Şenol Günəş: “Seul”da Branimir Subaşiç adlı futbolçu yoxdur - YENİLƏNİB
18.02.2009 - 15:26
Şenol Günəş: “Seul”da Branimir Subaşiç adlı futbolçu yoxdur - YENİLƏNİB
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin Cənubi Koreyanın “Seul” klubunun düşərgəsində olduğu barədə xəbərlər yayılıb. Apasport.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı hücumçu hazırda Türkiyənin Antalya şəhərində hazırlıq keçən Asiya təmsilçisi ilə danışıqlar aparır.

“Srvena Zvezda” ilə hələ iki il yarımlıq müqaviləsi qalmasına baxmayaraq transferə çıxarılan Subaşiçin yaxın günlərdə rəsmən Serbiya təmsilçisindən ayrılacağı bildirilir. Futbolçunun keçidinin baş tutub-tutmayacağı isə tərəflər arasında razılıq əldə olunmasından asılı olacaq.

“Seul”un baş məşqçisi, Türkiyə milli komandasına 2002-ci ildə dünya çempionatının bürünc medalını qazandırmış Şenol Günəş isə apasport.az saytına açıqlamasında bu xəbəri təkzib edib. O, Branimir Subaşiç adlı futbolçunun “Seul”un düşərgəsində olmadığını söyləyib: “Klubumuzda belə futbolçu yoxdur”.

57 yaşlı çalışdırıcıya Subaşiçin “Seul”la danışıqlar aparması ilə bağlı məlumatların İnternet saytlarında da yayıldığını bildirəndə, onun cavabı belə oldu: “Yaxşı olar ki, suallarınızı həmin xəbəri yayanlara verəsiniz”.

0