Bülənt Korkmaz: Milli komandanız məndə xoş təsir oyatdı
18.02.2009 - 14:52
Bülənt Korkmaz: Milli komandanız məndə xoş təsir oyatdı
Türkiyə yığmasında 100-dən çox oyun keçirən ilk futbolçu, “Qalatasaray” klubunun əfsanəvi kapitanı, karyerası boyu 29 kubok qazanan, dünya çempionatının və Konfederasiyalar Kubokunun bürünc mükafatçısı olan Bülənt Korkmazın apasport.az saytına eksklüziv müsahibəsi

- Yaxın günlərdə Azərbaycana gələcəksiniz. Bu səfər haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycan mətbuatının səfərimə diqqət ayırması mənim üçün xoş oldu. Öncə bütün azərbaycanlılara salamlarımı çatdırıram. Ölkənizdə Tunc Afşar adlı bir dostum var. Bildiyimə görə, onun təmsil olunduğu “Bakı” klubu futbolun inkişafı ilə bağlı ciddi işlər görür. Azərbaycana səfər etmək təklifi gəlincə, buna çox sevindim. Bununla da, yenidən Bakıda olmaq imkanı qazanacağam. Ölkənizə futbolçu kimi, milli komandanın heyətində gəlmişdim. 2000-ci ildə Bakıda rəsmi matçımız oldu. Həmin vaxt bizə qarşı olan isti münasibəti, sevgi və diqqəti hələ də unuda bilmirəm. Azərbaycan futbolunun inkişafına bizim də bir töhfəmiz dəyərsə, bundan məmnun olarıq. Bakıda görüşlərimiz olacaq, öz fikirlərimizi bildirəcəyik. Azərbaycan klubu bundan yararlanarsa, bu, bizim üçün şərəf olar.

- Türkiyə və Azərbaycan yığmaları arasındakı görüşlərə toxunmaq istərdik. Bunlar 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunları idi və bu məsul turnirdə bürünc mükafat qazandınız. Həmin vaxt milli komandamız sizdə hansı təəssüratlar oyatdı?
- Yadımdadır, Bakıda 1:0, İstanbulda isə 3:0 hesablı qələbə qazanmışdıq. Milli komandanız məğlub olsa da, xoş təsir oyatmışdı. Azərbaycanlılar həqiqətən də çox istiqanlıdırlar. Türkiyədə Azərbaycan telekanalları yayımlanır və insanlarınızın bizə qarşı yaxşı davrandığının, ünvanımıza gözəl sözlər dediklərinin şahidi oluruq. Adi bir misal çəkim ki, söhbət zamanı bir-birimizi başa düşürük. Yəni, anlaşma baxımından nə problem olur, nə də köməkçi dilə ehtiyac yaranır. Bu, çox gözəl bir şeydir. Azərbaycan bizə ən yaxın ölkədir.

- Türkiyə yığmasının 2000-ci ilin oktyabrında Azərbaycanla Bakıda keçirdiyi oyunda insident yaranmışdı. Sizcə, həmin vaxt günah kimdə idi?

- Bunu heç xatırlamıram. Yadımda olan 1:0 hesablı qələbəmizdir. Vallah, həmin vaxt nə baş verdiyi yadımda belə deyil.

- Azərbaycan yığmasının son vaxtlar oyununu görmüsünüzmü? Ümumiyyətlə, futbolumuz, oyunçularımız haqda hansı bilgiyə maliksiniz?
- Yığmanızın son oyunlarını izləməsəm də, Azərbaycan futbolunun sıçrayışda olduğunu bilirəm. Artıq ölkənizdə futbolun səviyyəsini qaldırılması məqsədilə Türkiyəyə üz tutulması, bir sıra həmyerlilərimizin, məşqçilərimizin orada çalışması haqda məlumat var. Ölkə futbolunun inkişafı üçün dövlət səviyyəsində böyük diqqət ayrılmasından xəbərdaram. Bütün bunlar çox təqdirəlayiq haldır. Bildiyiniz kimi, Türkiyə də vaxtilə belə inkişaf mərhələsini keçdi. Artıq Azərbaycan da bu inkişaf yolu ilə gedir. Futbolunuza diqqət və qayğı var, federasiyanız böyük işlər görür, klub infrastruktura, uşaq futboluna, aşağı yaş qruplarından ibarət yığmalara xüsusi diqqət ayrılmağa başlanılıb. Hər şeyə tez nail olmaq mümkün deyil. Ancaq gün keçdikcə bunun həyata keçdiyini görəcəksiniz. Azərbaycan futbolu inkişaf edir və qarşıya qoyulan məqsədə çatmaq üçün investisiya qoymaq lazımdır. Türkiyədə tanınan futbolçular olan Suat Usta ilə Əli Cansunun “Neftçi”də çıxış etdiyini, aşağı yaş qruplarından ibarət komandalarınızda məşqçilərimizin çalışdığını bilirəm. Bir sözlə, Azərbaycan futbol sahəsində irəliləmək istəyir.

- Vaxtilə Türkiyə yığmasında birgə çıxış etdiyiniz Əhməd Dursunla Fatih Sonkaya da az öncə “Xəzər-Lənkəran”a keçdi. Oktay Dərəlioğlu vaxtilə bu komandada çıxış edib, Tümər Mətinin isə qış fasiləsində “Bakı”ya transferi son anda baş tutmadı...
- Bütün bunların hamısından xəbərim var.

- Onların Azərbaycanda oynamasını necə qiymətləndirirsiniz? Necə hesab edirsiniz, həmyerliləriniz ölkəmizdə çıxış etməyə ilk növbədə pula görə gəlirlər?
- Təbii ki, hər bir şeyin dəyəri var. Hər bir məsələyə həm maddi, həm də mənəvi cəhətdən baxmaq lazımdır. Sözsüz ki, ora gedən zaman bütün şərtlər arasında ən önəmlisi futbolun inkişafına öz faydanı verməkdir.

- Karyeranız boyu yalnız “Qalatasaray”da çıxış etmisiniz. Bu komandanın heyətində 90-cı illərdə “Neftçi”yə qarşı oynamısınız. Türkiyədə keçirilən və 2:2 hesabı ilə başa çatan həmin yoldaşlıq görüşünü xatırlayırsınız?
- Bəli. Belə bir oyun yadıma gəlir. Ancaq görüşü tam xatırlaya bilmirəm. Həmin vaxt gənc idim. Hər halda, Azərbaycan komandalarını oyunları ilə maraqlanıram.

- Türkiyədə bir sıra futbolçularımız oynayıb...
- Təbii ki, bundan xəbərim var.

- Son illərdə Superliqada çıxış edən İlqar Qurbanovla Rəşad Sadıqovun adlarını eşitmisinizmi?
- Bəli. Azərbaycanlılar Türkiyədə əcnəbi statusu ilə oynamırlar. Bu da ölkənizə olan sevgini, isti münasibəti göstərir.

- İlqar “Qalatasaray”ın əzəli rəqibi olan “Fənərbaxça”nın yetirməsidir, bu komandanın aşağı yaş qruplarında oynayıb...
- İlqarın adını xatırlayıram. Eşitmişdim ki, “Fənərbaxça”da belə azərbaycanlı var. Ancaq onu görməmişəm.

- Bəs Rəşad?
- Onun vaxtilə “Kayserispor”, hazırda “Kocaelispor” klubunda çıxış etdiyini eşitmişəm.

- Milli komandanız iyunun 2-də Kayseridəki yeni stadionda Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Həmin oyundan nə gözləyirsiniz?
- Bu ilk növbədə bir hazırlıq matçı olacaq. Həmin oyunda Azərbaycan milli komandasının hazırkı durumunu da görmək lazımdır. Buna əsasən fikir yürüdüb, yığmanıza qiymət vermək olar. Milli komandanızın son matçlarını izləmədiyim üçün Türkiyə ilə qarşıdakı oyun mənim üçün maraqlı olacaq. Bu oyunu izləməklə, yığmanız haqda daha geniş bilgiyə malik olacağam. Onu xüsusilə qeyd etmək istəyirəm ki, inkişaf etməkdə olan ölkələr üçün nəticə elə də önəmli deyil. Əsas düzgün addımlar atmağınızdır, nəticə ikinci planda qalacaq. Əgər futbolun inkişafı ilə bağlı plan, proqramı icarə etsəniz, uğur və nəticə mütləq olacaq! Bunun üçün bir az səbir etməyimiz lazımdır.

- Azərbaycanda “Qalatasaray”ın xeyli azarkeşi var. “Cim Bom” fanatlarına sözünüzü nədir?
- Öncə bizə azarkeşlik etdikləri üçün onlara təşəkkür edirəm. Hər zaman söyləyirik ki, bizim üçün önəmli birlik, bərabərlik, sevgi, dostluq, diqqətdir. Azərbaycanlılarda bütün bu xüsusiyyətlər var. Onlar Türkiyəni diqqətlə izləyir, bizdən öyrənməyə çalışırlar. Biz də vaxtilə Avropa futbolundan çox şeylər götürmüşük. İnşallah, yenə UEFA kubokunda, avrokuboklarda, yığma səviyyəsində uğurlarımız olar. Çox yaxın günlərdə Bakıda olub, azərbaycanlı azarkeşlərlə görüşüb, onlarla fikir mübadiləsi aparacağıq.
0