Dövlət qurumlarının futbol klublarını maliyyələşdirməsinə qadağa qoyulur?
18.02.2009 - 18:10
Dövlət qurumlarının futbol klublarını maliyyələşdirməsinə qadağa qoyulur?
Yerli dövlət qurumlarının peşəkar idman klublarını maliyyələşdirməsinə qadağa qoyulacaq. Apasport.az saytının məlumatına görə, bununla bağlı Türkiyədə qanun layihəsi hazırlanıb. Parlamentin layihəni təsdiqləyəcəyi halda, 24 futbol klubu vəsaitsiz qala bilər. Bu bələdiyyələr hesabına maliyyələşən komandalardan 4-ü Superliqa, 10-u ikinci, 10-u isə üçüncü dəstə təmsilçiləridir.

Layihəyə əsasən, klublar hüquqi şəxs statusu alaraq, özləri-özlərini dolandırmalı olacaq. Belə ki, onlar sponsor, üzvlük haqları, bilet satışı, müxtəlif reklam və lotereyalardan gələn məbləğlə kifayətlənməli olacaq. Bütün bu proseslərə isə idman federasiyaları nəzarət edəcək. Bu yeniliyin qərar qəbul olunandan sonrakı bir il ərzində tədricən həyata keçiriləcəyi gözlənilir.

Qanun layihəsinin qəbulu azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi “Kocaelispor”a da təsir edəcək. Superliqada çıxış edən İzmit təmsilçisi bilavasitə bələdiyyə hesabına maliyyələşməsə də, Böyükşəhər Bələdiyyəsi hər fasilə dövründə kluba böyük məbləğdə yardım ayırır.
0