Ümit Davala Bakıya gəlməyə razılıq verdi
18.02.2009 - 18:17
Ümit Davala Bakıya gəlməyə razılıq verdi
“Qalatasaray”ın və Türkiyə yığmasının sabiq futbolçusu Ümit Davala Azərbaycana gələcək. Bu haqda apasport.az saytına “Bakı” klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, iki il öncə futbolçu karyerasını başa vuran 36 yaşlı Davalanın səfəri gələn aya nəzərdə tutulub: “Əslində, biz Davalanın Bülənt Korkmazla birgə ölkəmizə gəlməsini istəyirdik. Bir tanışımız vasitəsilə dəvəti ona çatdırdıq. Ümit dəvəti qəbul etsə də, bu həftə gələ bilməyəcəyini dedi. Səbəb isə onun qohumunun toyunda iştirak etməsidir. Onun Bakıya səfəri martın sonlarınadək reallaşacaq. Çünki həmin vaxt milli komandanın rəsmi oyunları ilə əlaqədar fasilə yaranacaq”.

Qeyd edək ki, Davala Bülənt Korkmazla birgə “Qalatasaray”ın heyətində UEFA kubokunu və milli komandanın (51 oyun, 6 qol) heyətində dünya çempionatının bürünc medalını qazanıb. Yarımmüdafiəçi “Cim Bom”un heyətində keçirdiyi 6 ildə 148 oyunda 16 qol vurub. Karyerası boyu İtaliyanın “Milan”, “İnter”, Almaniyanın “Verder” klublarında da çıxış edən Davala 2007/08 mövsümündə Türkiyənin 21 yaşlılardan ibarət yığma komandasını çalışdırıb.
0