Berti Foqts Rəşad Sadıqovu milli komandaya çağırmadı
19.02.2009 - 00:29
Berti Foqts Rəşad Sadıqovu milli komandaya çağırmadı
Martın 2-dən 5-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun apasport.az saytına verdiyi məlumata görə, almaniyalı baş məşqçi Berti Foqts komandaya 19 futbolçu çağırıb.

Bunlar qapıçılar - Kamran Ağayev (“Xəzər-Lənkəran”) Rauf Mehdiyev (“Olimpik”), Fərhad Vəliyev (“Qarabağ”), müdafiəçilər - Rail Məlikov (“Neftçi”), Mahir Şükürov, Aqil Nəbiyev (hər ikisi “Olimpik”), Samir Abbasov (“İnter”), Saşa Yunusoğlu (“Bakı”), Tural Nərimanov, Ernani Pereyra (hər ikisi “Karvan”), yarımmüdafiəçilər - Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Elmar Baxşıyev (“Neftçi”), Aleksandr Çertoqanov, Tural Cəlilov (hər ikisi “Simurq”), Zaur Tağızadə (“Neftçi”), hücumçular - Vüqar Nadirov (“Karvan”), Vaqif Cavadov (“Qarabağ”), Leandro Qomeş (“Olimpik”) və Fabio Luis Ramimdir (“Bakı”).

Milli komandamızın Dubaydakı 16 günlük təlim-məşq toplanışında iştirak edən futbolçulardan - müdafiəçilər Emin Cəfərquliyev (“Neftçi), Sergey Sokolov (“Simurq”), yarımmüdafiəçilər - Elvin Məmmədov, Cavid Hüseynov (hər ikisi “İnter”), Araz Abdullayev (“Neftçi”) və Zeynal Zeynalov (“Standard”) bu dəfə heyətə düşməyib.

Türkiyənin “Kocaelispor” klubunda çıxış edən Rəşad Sadıqov da milli komandaya çağırılmayıb. Onunla yanaşı, özlərini klub axtaran yarımmüdafiəçi Anatoli Ponomaryov və Branimir Subaşiç də siyahıdan kənarda qalıb. Əvəzində uzun fasilədən sonra Zaur Tağızadə Foqtsun siyahısına daxil edilib. “Neftçi”nin 30 yaşlı kapitanı sonuncu dəfə ötən ilin martın 26-da Litva yığması ilə səfərdə keçirilən yoldaşlıq görüşündə (0:1) 90 dəqiqə meydanda olub. Millimizin heyətində keçirdiyi 40 oyunda 6 qol vuran Tağızadə Foqtsun dövründə oynamasa da, komandaya çağırılıb. Alman mütəxəssis Zauru debüt matçları olan Bosniya və Herseqovina və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə dəvət etsə də, zədə onun gəlişinə mane olub.

Qeyd edək ki, Almaniyada nəzərdə tutulan toplanış yığmamızın Rusiya ilə dünya çempionatının seçmə oyununa hazırlıq xarakteri daşıyır.
0