Validə Abbasova: Subaşiçlə evlənmək haqda düşünməmişəm
19.02.2009 - 12:19
Validə Abbasova: Subaşiçlə evlənmək haqda düşünməmişəm
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçlə yaxalanan məşhur fotomodel Validə Abbasovanın apasport.az saytına müsahibəsi

- Subaşiçlə birlikdə şəkiliniz aşkarlanıb. Onunla münasibətləriniz haqda nə deyə bilərsiz?
- Onu yaxından tanıyıram, yaxşı dostumdur. Subaşiç “Neftçi”də uzun müddət oynadıqdan sonra ötən yay Belqradın “Srvena Zvezda” klubuna keçdi. Serblərlə yollarını ayırıb başqa komandaya keçmək istəməsi haqda da məlumatım var. Son günlərdə onunla əlaqə saxlamadığımdan karyerasını harada davam etdirəcəyi ilə bağlı heç nə bilmirəm. Buna da səbəb ölkə kənarında olmağım və yenicə Bakıya qayıtmağımdır.

- Branimiri futbolçu və insan kimi necə xarakterizə edərdiniz?
- Çox yaxşı, mehriban və nikbindir. Onu əzmkar, məqsədinə doğru irəliləyən insan kimi dəyərləndirmək olar. Qarşısına qoyduğu məqsədə çox düzgün yolla gedir. Heç vaxt münaqişəyə girmir, əsl peşəkardır. Bildiyimə görə, Subaşiç Azərbaycanda çıxış etdiyi vaxt bombardir keyfiyyətləri ilə seçilib. Həm “Neftçi”, həm Azərbaycan yığmasında özünü yalnız yaxşı tərəfdən göstərib. Meydanda olanda qol susqunluğunun qırılacağına ümidimiz, şansımız olur. Bilirik ki, mütləq qol vuracaq. Çox nadir hallarda insanları məyus edir. Həyatda şən və mehriban oğlandır, dostluqda çox sadiqdir. Onun qonaqpərvərliyinə isə ötən ilin mayında şahid oldum. Həmin vaxt Belqrada “Eurovision” musiqi yarışmasını izləməyə getmişdim. Subaşiç Bakıdan gələn bütün qonaqları gülərüzlə qarşıladı və onların orada yerləşdirilməsinə yardımçı oldu, görməli yerlərə apardı. Bir sözlə, alicənab insandır. Hərçənd, son vaxtlar haqqında xoşagəlməz sözlər yayılıb. Guya ki, Azərbaycan yığmasında oynamaqdan imtina edib. Bilirəm ki, bu, ağ yalandır. Çünki Branimir mənə deyirdi ki, milli komandada oynamasını ilə fəxr edir. Hər bir futbolçunun bir məqsədi var: yaxşı oynayıb, yaxşı da qazanmaq. Subaşiçin bir klubdan başqasına keçməsini də normal sayıram. Çünki futbol elə bir peşədir ki, bu gün burdasan, sabah başqa yerdə. Yığma ilə bağlı əminəm ki, Branimir millimizdə “Neftçi”də olduğu kimi, həmişə ürəklə oynayacaq.

- Respublika stadionunda “Neftçi”nin oyunlarını izləyərkən sizi dəfələrlə orada görmüşük. Hətta Subaşiç qol vurarkən sizə tərəf qaçıb...
- Əslində, biz sadəcə dostlarıq. Branimir yaxın dostumdur və aramızda heç bir şəxsi münasibət yoxdur. Bilirəm ki, başqa şeylər başa düşülə bilər. Qəti şəkildə deyirəm ki, aramızda başqa şey yoxdur. Stadiona gəlməklə, onu dəstəkləmişəm. Tez-tez həm Bakı, həm Belqradda istirahət etmişik. Hətta ötən yay Avropa çempionatının oyunlarını bir yerdə izləyib müzakirə etmişik. Belə demək olar ki, məni yalnız futbol maraqlandırır. Bu idman növünün fanatı olmasam da, xoşum gəlir. Elə oldu ki, Branimirlə dostlaşdıq.

- Maraqlıdır, Branimirlə harada tanış oldunuz?
- Sırf təsadüf nəticəsində tanış olmuşuq. Rəfiqələrimlə kafelərin birində istirahət edirdik. Belə bir kafe var idi - “Aroma”. İndi populyar sayılmasa da, ora bizim tanış olduğumuz məkan oldu. Qəhvə içdiyimiz vaxt kənardakılarla danışır, söhbət edir, şənlənirdik. Elə bir an oldu ki, Subaşiçlə bir-birimizlə maraqlandıq və beləcə tanışlıq yarandı. Söhbətimiz şən keçdi və dostluğumuzun təməli qoyuldu. Bundan sonra da bir neçə tədbirdə iştirak etdik. O, məni futbola, mən isə onu münsiflər heyətində yer aldığım “Miss Azerbaydjana” müsabiqəsinə dəvət etdim. Bütün bunlar çoxdan olub və həmin vaxtdan dostluğumuz davam edir.

- Dostluq öz yerində. Amma şəxsi münasibətlər də qurmaq olardı. Hər halda, Branimir çox yaraşıqlı oğlandır...
- Branimirin çox yaraşıqlı olması ilə bağlı sizinlə razıyam. Bu tam həqiqətdir.

- Elə siz də gözəlsiniz. Niyə talelərinizi birləşdirmədiniz?
- Əgər mənim ürəyim boş olsaydı, Subaşiçlə dostluqdan daha yaxın ola bilərdik.

- Belə başa düşdük ki, ürəyinizdə başqası olduğu üçün Branimirə yer yoxdur....
- Mən hələ evlənməyi düşünmürəm. Çünki bu çox ciddi addımdır. Buna bir daha risk etsəm, gərək yaxşı ölçüb-biçim. Hazırda evli olmasam da, ürəyim boş deyil.

- Subaşiç sizə evlənməyi təklif edibmi? Onun sizinlə ciddi münasibətlər qurmaq istəyini hiss etməmisiniz ki?
- Hər şey insanın özündən asılıdır. Misal üçün, mən Subaşiçə baxanda bu haqda düşünməmişəm. Belə fikirləşsəydim, bu hisslər də ona keçə bilərdi. Ancaq onunla evlənmək haqda düşünmürəm və bu haqda özümə sual da verməmişəm. Evlənmək təklifi o vaxt olur ki, bu haqda söhbət olsun. Belə söhbət yoxdursa, deməli, bu yalnız dostluqdur. Mənim çox dostlarım var ki, onlarla bir-birimizi nə qədər sevsək belə, evlilik məsələsinə heç vaxt toxunmuruq.

- Başqa futbolçu dostlarınız da var?
- Bəzi futbolçuları tanıyıram.

- Şəxsi tanışlığı nəzərdə tuturuq...
- Bir rəfiqəm var, onun qardaşı – Riyad Rəfiyev futbolçudur. Gənc oyunçudur. “Neftçi”nin qapıçısı Vladimir Miçoviçi də tanıyıram. Amma onlarla ailəvi dostuq. Həyat yoldaşı ilə də tanışlığım var. Ondan başqa, “İnter”də oynayan Milan Zaqoratsı da tanıyıram.

- Sonuncu dəfə Branimirlə nə vaxt əlaqə saxlamısınız?
- Son vaxtlar ölkədən kənarda istirahətdə idim. Azərbaycana iki gündür qayıtmışam. Sonuncu dəfə yeni il ərəfəsində bir-birimizin təbrik edərkən danışmışıq. Lakin fevralın 14-də - “Valentin günündə” bir-birimizi təbrik etmədik. Yəqin ki, o öz sevgilisini təbrik edib. Məni də öz sevgilim təbrik etdi.

- Subaşiçin sevgilisini tanıyırsınız?
- Belqradda istirahət edərkən onu görmüşəm. Birlikdə dincəldik. Onu çox yaxşı tanıyıram. Amma heç adını xatırlamıram.

- Nişanlısı Branimiri sizə qısqanmırdı?
- Bilmirəm. Mənim heç vaxt qızlarla problemim yaranmayıb. Çünki mən hər şeyin yerini bilən insanam. Yeri gəlmişkən, Subaşiçin nişanlısı həqiqətən çox gözəldir. Belqradda olduğum vaxt onlar yanıma – otelə gəlmişdilər. Mən də onlara dəvətnamələr vermişdim. Bir sözlə, bizim münasibətlər dostluq üzərində qurulub.
0