Rusiya - Azərbaycan oyununun hakimini döymək istəyirlər
19.02.2009 - 13:22
Rusiya - Azərbaycan oyununun hakimini döymək istəyirlər
Martın 28-də Rusiya və Azərbaycan yığmaları arasında keçiriləcək görüşün hakimi olacaq Serj Qumienni UEFA kubokunun 1/16 final mərhələsinin ilk matçlarının antiqəhrəmanlarından birinə çevrilib. Apasport.az saytının məlumatına görə, belçikalı referi idarə etdiyi “Dinamo” (Kiyev, Ukrayna) – “Valensiya” (İspaniya) qarşılaşmasından sonra ciddi ittihamlara məruz qalıb. Kiyevlilərin bir oyunçusuna sarı, bərabərlik qolunun müəllifi Artyom Milevskiyə isə iki sarı və qırmızı vərəqə göstərən 37 yaşlı hakim idarəçiliyinə görə tənqid atəşinə tutulub.

“Dinamo”nun prezidenti Qumienninin idarəçiliyinə şərh vermək istəmədə də, özünəməxsus şəkildə belə deyib: “Hakimliyi şərh etməyəcəyəm. Bircə onu deyə bilərəm ki, çoxdandır Kiyevdə belə rüsvayçılıq görməmişdim”.

Kiyevlilərin baş məşqçisi Yuri Syomin də Rusiya - Azərbaycan matçının hakimindən narazı qalıb: “Hakimin bəzi qərarları təəccüblü idi. Xüsusilə, Milevskinin meydandan qovulması üzücü idi. Bu elə bir vaxtda baş verdi ki, biz rəqibi yenicə sıxmağa başlamışdıq. Düzdür, oyunçularımız özlərini emosional aparırdı. Bu da başadüşülən idi. Məsələn, Milevski necə sakit olsun ki, onu iki ayağından vururlar, hakim isə əvəzində ona simulyasiyaya görə ikinci sarı vərəqə göstərir”.

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi, “Dinamo”da ilk rəsmi matçına çıxan Sergey Kravçenko da debütünün hakim tərəfindən korlandığını bildirib: “Açığını deyim ki, hakimlik məni təəccübləndirdi. Özü də mənfi mənada. Düşünürəm ki, idarəçilik bir az qeyri-obyektiv idi”.

Milevskinin müdafiəsinə qalxan azarkeşlər isə Artyomun səbirli olmasına təəccüblənir: “O necə də səbirlidir. Mən olsaydım, hakimin ənginə ilişdirərdim”.
0