“Foqts dedi ki, klubunuzda əsas heyətə düşsəniz, sizi yığmaya çağıracağam”
19.02.2009 - 13:34
“Foqts dedi ki, klubunuzda əsas heyətə düşsəniz, sizi yığmaya çağıracağam”
“Elvin Məmmədovla Cavid Hüseynovun yığmadan kənarda qalması səbəbsiz deyil. Baş məşqçi Berti Foqts Dubaydakı hazırlıq prosesində onlardan çox narazı idi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev deyib.

Bakının “İnter” klubunda da eyni vəzifəni daşıyan 39 yaşlı mütəxəssis Elvin Məmmədovla Cavid Hüseynovla birgə çalışır. Onların hazırlıq durumunu hamıdan yaxşı bilən Abdullayevin fikrincə, Foqts 20 yaşlı bu futbolçuların əsas heyətdə yerlərinin qaytarmalarını istəyir: “Foqts onların əsasən fiziki durumundan narazıdır. O, Küveytlə yoldaşlıq görüşündən sonra məni, Elvini və Cavidi yanına çağıraraq, söhbət etdi. Foqts onlara sonuncu dəfə xəbərdarlıq etdi və qarşılarına iki şərt qoydu. Birincisi, öz üzərində işləmələri, ikincisi də klubda heyətə düşmələridir. Foqts Elvinlə Cavidə vaxt verdi. Dedi ki, gəlib-görsəm ki, heyətdə oynayırsınız, hazırlığını yaxşıdır, sizi çağıracağam. Əks halda, millidən kənarda qalacaqsınız”.

Ötən qış “İnter”ə keçən Məmmədovla Hüseynov əsas heyət oyunçuları olsa da, sonradan yerlərini itirdilər. Abdullayev cari mövsümdə onların daha çox ehtiyatda qalmasında futbolçuları günahlandırıb: “Bizim futbolçularda belə xüsusiyyət var ki, oynamayanda günahı kiminsə üstünə atırlar. Başlayırlar ki, şans vermirlər, meydança yoxdur, məşq prosesindən gileylənirlər. Axı futbolçu komandanın məşq keçmədiyi halda, özü fərdi çalışmalıdır. Yaxşı futbolçunu kim ehtiyatda saxlayır? Yaxşı ki, Foqts bütün bunları başa düşür. Təcrübəli mütəxəssis kimi, futbolçulardan peşəkarlıq tələb edir”.

Qeyd edək ki, Elvin ikinci dövrənin ilk turunda “Olimpik”lə oyunda ikinci 45 dəqiqədə meydana daxil olub, Cavidin adı isə ümumiyyətlə, matçın protokoluna daxil edilməyib.
0