Anatoli Demyanenko: Azərbaycanda üzləşdiyim xoşagəlməz şeyləri unutmuşam
19.02.2009 - 14:49
Anatoli Demyanenko: Azərbaycanda üzləşdiyim xoşagəlməz şeyləri unutmuşam
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenkonun ad günüdür. Ukraynalı çalışdırıcı bu gün 50 yaşını qeyd edir. Demyanenko apasport.az saytına açıqlamasında yubileyini təmtəraqla keçirmək fikrində olmadığını bildirib: “50 illik yubileyimi dar çərçivədə qeyd edəcəyəm. Çünki mən sadə insanam. Təvazökar olmağa çalışıram. Ad günümü ailə üzvlərim, mənə yaxın olan insanların əhatəsində keçirəcəyəm”.

Onu ötən ilin yanvarından avqustunadək işlədiyi ölkəmizdən də yada salıblar: “Azərbaycandan mənə zəng vurub, təbrik edənlər olmuşdu. “Neftçi”də rəhbərliyim altında oynayan Dmitri Kruqlov, Vladimir Olefir mənimlə əlaqə saxlamışdı. Onlar həm özlərinin, həm də məşqdəki digər futbolçuların adından təbrikləri çatdırdılar. “Neftçi”nin rəhbər şəxslərindən hələlik zəng edən olmayıb. Yəqin ki, onlar zəng vurarlar”.

Demyanenko ötən il Bakıda 49 yaşını qeyd etdiyi tədbiri xatırlayıb: “Neftçi”də işlədiyim zaman mənim üçün ad günü keçirilmişdi. Klub rəhbərliyi, futbolçulardan təbrikləri qəbul etdim. Görünür, 50 yaşımın Azərbaycanda tamam olması qismətimdə deyilmiş. Bu, həyatdır, taleyin işini bilmək olmur”.

Cari mövsümün IV turunda, avqustun 24-də səfərdə “Qəbələ” üzərində 1:0 hesablı qələbənin ardından “Neftçi” ilə müqaviləni qarşılıqlı şəkildə pozaraq, vətəninə qayıdan Demyanenko həmin vaxtdan işsizdir. Amma Azərbaycanı incik tərk edən təcrübəli mütəxəssis kin saxlamır: “Ölkənizdə üzləşdiyim xoşagəlməz şeyləri unutmuşam. Mən kinli insan deyiləm. Nə oldusa, bunlar keçmişdə qaldı. Həyatımdan razıyam. Özüm üçün ən yaxşı hədiyyə can sağlığını hesab edirəm. Əsas sağlamlığın qaydasında olmasıdır, qalan şeylər ikinci dərəcəlidir. Məşqçilik karyeramla bağlı yenilik yoxdur. Hələ ki məsələ danışıqlar səviyyəsindədir. Hadisələri qabaqlamaq istəmədiyim üçün konkret ad çəkməyəcəyəm”.

Qeyd edək ki, Demyanenko həm futbolçu, həm də məşqçi kimi çoxsaylı titullara sahib çıxıb.
0