Rəşad Sadıqov yığmamızın Almaniya toplanışına niyə aparılmır?
19.02.2009 - 15:48
Rəşad Sadıqov yığmamızın Almaniya toplanışına niyə aparılmır?
“Martın 2-dən 5-dək Almaniyada keçirəcəyimiz toplanış FİFA-nın təqvimində nəzərə tutulmadığı üçün “Kocaelispor” Rəşad Sadıqovu yığmaya buraxmazdı. Bu səbəbdən də onu bu dəfə çağırmamağı qərara aldıq”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev deyib.

Milli komandamızın kapitanı 27 yaşlı kapitanı Rəşad Sadıqov ötən ay Dubayda keçirilən 16 günlük təlim-məşq toplanışına dəvət olunsa da, “Kocaelispor” onu buraxmamışdı. Bundan nəticə çıxaran yığmamızın məşqçiləri bu dəfə müdafiəçinin adını siyahıya daxil etməyib. Abdullayev martın 28-də Rusiya ilə Moskvada keçiriləcək rəsmi oyunda Sadıqovun iştirakına toxunub: “Kocaelispor” həmin oyuna Rəşadı buraxmaya bilməz. Çünki Rusiya ilə görüş rəsmi xarakter daşıyır. Rəşadın “Kocaelispor”un əsas heyətində oynaması yaxşı haldır və biz də bunu istəyirik. Əgər Sadıqov klubunda ehtiyatda qalacaqsa, onu başqası ilə əvəzləməli olacağıq”.

Rəşad kimi, Branimir Subaşiçlə Anatoli Ponomaryov da Dubaydakı hazırlıq prosesinə çağırılsa da, müəyyən səbəbdən toplanışa qatılmadı. Millinin 39 yaşlı məşqçisi onlar haqda mətbuatdan, internetdən xəbər tutduğunu bildirib: “Subaşiçin gah Çin, gah da Cənubi Koreya klubunda olduğu bildirilir. Futbolçu hələ özünə klub tapmayıbsa, deməli, məşq etmir, hazırlığı lazımı səviyyədə deyil. Biz isə yollarda qalan oyunçunu yığmaya çağıra bilmərik. Bu, adı Çin ətrafında hallanan Ponomaryova da aiddir. Foqts çox obyektiv insandır. O, futbolçulara real qiymət verir. Dubaydakı toplanışında futbolçuların 80 faizinin hazırlığı bizi qane etmədi”.

Foqtsun Dubaya apardığı futbolçulardan “İnter”lilər – Elvin Məmmədov və Cavid Hüseynovla yanaşı, Emin Cəfərquliyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Sergey Sokolov (“Simurq”) və Zeynal Zeynalov (“Standard”) Almaniyaya yollanan heyətdən kənarda saxlayıb. Abdullayev bu oyunçuları diqqətdə saxladıqlarını söyləyib: “Bildiyimə görə, Foqts fevralın 21-də qayıdacaq və Premyer Liqa, kubok matçlarını izləyəcək. Hələlik milli üzvləri haqda məlumatlar toplayıram. Eminlə Araz aşağı yaş qruplarından ibarət yığmalara görə çağırılmadı. Zeynalın “Standard”a keçməsindən xəbərdaram. O, xeyli müddətdir klubsuz qaldığı üçün ona oyun praktikası lazımdır. Sokolovun son turda “Turan”la Tovuzda keçirilən oyunda 61 dəqiqə oynaması haqda informasiyam var. Əgər futbolçu sonadək meydanda olmursa, əvəzlənirsə, görünür, problem var”.

Qeyd edək ki, Abdullayev milli komandada olduğu kimi, Bakının “İnter” klubunda da məşqçidir.
0