UEFA-nın texniki direktoru: Foqts cəsarət nümayiş etdirdi
19.02.2009 - 15:51
UEFA-nın texniki direktoru: Foqts cəsarət nümayiş etdirdi
“Həm mən, həm də Azərbaycan UEFA-dakı fəaliyyətimizə eyni vaxtda - 1994-cü ildə başlamışıq. Mən bu təşkilatın texniki direktoru vəzifəsinə təyin olunmuşam, sizin ölkəniz isə Avropa futbol ailəsinə daxil olub. Azərbaycanın futbol adamları ilə sıx ünsiyyətdəyəm və biz yaxşı işgüzar münasibətlər qurmuşuq. Amma Azərbaycana heç səfər etməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Futbol dünyası” qəzetinə müsahibəsində UEFA-nın texniki direktoru Endi Roksburq deyib.

Vaxtilə Şotlandiya yığmasını çalışdırmış Roksburq Azərbaycan futbolu və milli komandamızla bağlı fikirlərini bölüşüb. UEFA rəsmisi hazırda yığmamıza rəhbərlik edən Berti Foqtsun işini yüksək qiymətləndirib. O, 1992-93-cü illərdə Foqtsun rəhbəri olduğu Almaniya komandası ilə görüşləri də xatırlayıb: “Berti Foqts dostum olub və onu məşqçi kimi yüksək dəyərləndirirəm. Almaniyalılarla hər iki oyunu çox yaxşı xatırlayıram. Çünki onlar unudulmaz oyunlardır. O vaxtdan bəri Foqtsla sıx əməkdaşlıq edirik. Məşqçi kimi fəaliyyət göstərməklə yanaşı, o, UEFA-nın komitələrində çalışıb, həmçinin əsas beynəlxalq yarışlarda bizim “texniki komanda”nın üzvü olub”.

Foqts iki il Şotlandiya yığmasının baş məşqçisi işləyib. Roksburq bildirib ki, almaniyalı mütəxəssis Şotlandiyada cəsarətli addımları ilə yadda qalıb: “Foqtsun yığmamıza çətin zamanda rəhbərlik edib. Həmin vaxt komandanın formalaşması prosesi gedirdi. Foqts cəsarət nümayiş etdirərək, qısa zaman kəsiyində çox sayda gənc istedadlı futbolçunu yığmaya çağırdı. İndi onlardan çoxu Şotlandiya komandasının aparıcı üzvləridir”.
0