Branimir Subaşiç “Seul”a keçidinin baş tutmamasının səbəbini açıqladı
19.02.2009 - 16:01
Branimir Subaşiç “Seul”a keçidinin baş tutmamasının səbəbini açıqladı
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin Türkiyə səfəri başa çatıb. Bu barədə apasport.az saytına məlumat verən 27 yaşlı futbolçu bildirib ki, artıq Belqrada qayıdıb.

Antalyada olduğu bir həftə ərzində özünə yeni komanda axtaran Subaşiçin adı daha çox Cənubi Koreyanın “Seul” klubu ətrafında hallandı. Serbiyalı futbolçunun sözlərinə görə, türkiyəli mütəxəssis Şenol Günəşin çalışdırdığı komandaya keçidi gündəmdə idi: “Ancaq maliyyə məsələlərində ortaq məxrəcə gəlmədik. Türkiyəyə danışıqlara getmişdim. Bu işdə vasitəçilərin dediyinə görə, məsələ müsbət həll olunmalı idi. Amma danışıqlarda maddi şərtlərdə razılığa gələ bilmədik. “Seul”un Minsk “Dinamo”su ilə son yoxlama oyununda iştirak etmədim. Heç bu görüşün nəticəsindən də xəbərim yoxdur. Gələcək taleyim hələ məlum deyil. Belqrada qayıtmışam və digər variantları nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, Branimir müqavilə ilə 2,5 il Belqradın “Srvena Zvezda” klubuna məxsusdur.
0