Sergey Sokolov: Ora mənim yerim deyil
19.02.2009 - 16:58
Sergey Sokolov: Ora mənim yerim deyil
“Milli komandanın Almaniyadakı təlim-məşq toplanışına çağırılmamağımdan xəbərim yoxdur. Əgər belədirsə, bunu normal qarşılayıram. Hər halda, yığmadan kənarda qalmaq mənim üçün gözlənilməz olmadı”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Sergey Sokolov deyib.

Cari mövsümdən Zaqatalanın “Simurq” klubunda çıxış edən 32 yaşlı rusiyalı futbolçunu uzun fasilədən sonra milli komandaya baş məşqçi Berti Foqts qaytardı. Ancaq Sokolovu Özbəkistan və Küveytlə yoldaşlıq görüşlərində ehtiyatda saxlayan alman mütəxəssis ona yalnız Çexiya çempionu “Slaviya” ilə sınaq matçında şans verdi və ilk 45 dəqiqədən sonra əvəzlədi. Sergey yığmadakı mövqeyindən narazıdır: “Yığmada müdafiənin önündə, dayaq yarımmüdafiəçisi kimi çıxış etdim. Bura isə mənim mövqeyim deyil. Müdafiənin mərkəzində oyunum daha yaxşı alınır. Yığma məşqçiləri ilə bununla bağlı söhbətim oldu. Ancaq məni öz mövqeyimdə yoxlamadılar. Düzdür, “Simurq”da da dayaq yarımmüdafiəçisi mövqeyində oynamışam. Ancaq burada müdafiənin mərkəzində olduğu kimi, özümü rahat hiss etmirəm”.

Qeyd edək ki, 2006-cı ilin oktyabrında Belçika yığması ilə səfərdə keçirilən oyunda (0:3) qanında istifadəsi qadağan olunan preparat tapıldığı üçün Sokolov UEFA-nın 18 aylıq cəzasına məruz qalıb.
0