“Turan” güclənir, “Xəzər-Lənkəran” əl-ayağa düşür
19.02.2009 - 17:03
“Turan” güclənir, “Xəzər-Lənkəran” əl-ayağa düşür
Premyer Liqanın XV turunda Tovuzda yerli “Turan”la qarşılaşacaq “Xəzər-Lənkəran” bu görüşə ciddi hazırlaşır. Apasport.az saytının məlumatına görə, ikinci dövrəyə 2 xal itkisi ilə başlayan lənkəranlılar artıq səfərə çıxıblar. Növbəti xal itkisindən çəkinən İqor Ponomaryovun yetirmələri qarşılaşmaya iki gün qalmış qərb bölgəsinə gedərək, Gəncədə məskunlaşacaq. Sabah məşq etmək üçün Gəncədən Tovuza yollanacaq lənkəranlılar oyunun keçiriləcəyi arenada hazırlıq keçib yenidən ölkənin ikinci şəhərinə qayıdacaq.

“Xəzər-Lənkəran”ın hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda ilə matça ciddi hazırlaşması əbəs deyil. Belə ki, bütün çempionatların iştirakçısı olan “Turan” daha iki futbolçuyla güclənib. “Transfer pəncərəsi” bağlanmamış tovuzluların heyətə cəlb etdiyi Viktor İbekoyi və Muammer Erdoğdu artıq yeni komandalarına kömək edəcək. Keçidi vaxtında rəsmiləşdirə bilməyən sabiq ölkə çempionu bu legionerlərin xidmətindən ötən turun “Simurq”la oyununda yararlana bilməmişdi. Artıq bu problemi həll edən “Turan” yenilərə lənkəranlılarla matçda bel bağlayacaq.
0