“Baba olmaq istəyirəm”
19.02.2009 - 17:36
“Baba olmaq istəyirəm”
Bu gün 50 illik yubileyini qeyd edən Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko Ukrayna mətbuatının də diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız Kiyev “Dinamo”sunun və SSRİ yığmasının müdafiəçinə baş çəkərək, onun ad gününü təbrik ediblər.

50 yaşı tamam olmasına baxmayaraq, özünü qəlbən cavan hiss etdiyini deyən Demyanenko keçmişə boylanıb. Futbolçu karyerası ilə bağlı xatirələrini bölüşən “Neftçi”nin sabiq çalışdırıcısı şəxsi həyatı, ailəsinə də toxunub. Məlum olub ki, Demyanenkonun könlündən baba olmaq keçir: “Nəvəmin olmasını istəyirəm. Bundan əlavə, Ukraynada həm iqtisadi, həm də siyasi vəziyyətinin sabit olmasını istəyirəm. Məşqçi işləmək? Əlbəttə, yenidən öz işimə qayıtmağı arzulayıram. Bunu nə gizlədim? Hələ də dördümüz bir yerdə yaşayırıq: həyat yoldaşım Yelena, oğlum Taras və qızım Katya. Qızımın 18 yaşı var, universitetdə təhsil alır. 25 yaşlı Taras bizneslə məşğul olur. Buna qədər isə tennislə məşğul olurdu, idman ustası dərəcəsinə kimi gəlib çıxmışdı. Hətta oğlum 5-6 il əvvəl Ukrayna yığmasının heyətində Devis Kubokunda çıxış edib, kiminləsə qoşa oynayırdı. Ancaq sonradan sadəcə, perspektiv görmədiyi üçün tennislə qurtardı”.

Demyanenko övladlarının ona hədiyyəsindən da danışıb: “Yaxınlarda uşaqlarım mənə xüsusi stend hədiyyə etdilər. İndi orada şüşənin arxasında mənim üçün ən yadda qalan fotoşəkillər yerləşib. İndi xüsusi guşə yaratmaq istəyirlər ki, orada mənim bütün mükafatlarım saxlanacaq”.

Qeyd edək ki, üç dünya çempionatının iştirakçısı olan Demyanenko 1988-ci ildə Avropa çempionatının gümüş mükafatını qazanıb. 1985-ci ildə SSRİ çempionatının ən yaxşı futbolçusu seçilən ukraynalı bundan bir il sonra Kiyevin “Dinamo” klubunun heyətində Kuboklar Kubokuna sahib çıxıb. Demyanenko Azərbaycan futbolunun da tarixinə düşüb. Belə ki, avrokuboklarda ilk dəfə iki mərhələ adlamağı ötən yay onun rəhbərlik etdiyi “Neftçi” İntertoto kubokunda reallaşdırıb.
0