Qar “Qəbələ”ni Mingəçevirə aparır
19.02.2009 - 17:54
Qar “Qəbələ”ni Mingəçevirə aparır
“Qəbələ” klubu bu il ilk oyununu öz stadionunda keçirməklə bağlı problemlə üzləşib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Premyer Liqanın qarşıdakı turunda fevralın 21-də keçirilməli olan “Qəbələ” – MOİK görüşü Mingəçevirdə baş tuta bilər. Buna səbəb Qəbələyə qar yağmasıdır. Oyunun hakim-inspektoru Əli Hüseynovla AFFA nümayəndəsi Mübariz Hüseynov sabah səhər saatlarında Qəbələyə yollanacaq və günortaya kimi meydanın vəziyyətilə bağlı PFL-ə məlumat verəcək. PFL də öz növbəsində oyunun keçirilməsi üçün Mingəçevir şəhər stadionunun hazırlanmasına başlayıb. Bu komandaların əvəzedici heyətləri arasında oyun sabah məhz Mingəçevirdə keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” doğma məkana qar yağdığı üçün əvvəllər ev oyunlarını Mingəçevirdə keçirib.
0