Şahin Diniyevlə Berti Foqtsun fərqi
20.02.2009 - 00:06
Şahin Diniyevlə Berti Foqtsun fərqi
“Şahin Diniyevin vaxtında yığmanın hazırlıq prosesində daha çox oyun hərəkətlərinə üstünlük verilirdi. Milli komandanın hazırkı baş məşqçisi Berti Foqts isə qaçışa, atletik hazırlığa daha çox diqqət yetirir”. Bunu apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun müdafiəçisi Sergey Sokolov deyib.

32 yaşlı rusiyalı futbolçu onu milli komandamıza gətirən Şahin Diniyevlə Berti Foqtsun məşq prosesini müqayisə edib: “Düzdür, müasir futbolda fiziki hazırlıq böyük önəm kəsb edir. Ancaq hər halda, futbolu topsuz oynamırlar. Həmyerlilərimə qarşı oynamaq istəsəm də, milliyə çağırılmaq məsələsini mən həll etmirəm. Buna görə də Rusiya yığması ilə rəsmi oyuna dəvət olunub-olunmayacağımı deyə bilmərəm. Bunu zaman göstərəcək”.

Sokolovun sözlərinə görə, Azərbaycan yığmasında ilk oynadığı vaxtdan üzləşdiyi dopinq problemi ona yaxşı dərs olub: “Günahım olmadığım halda, millinin həkimin səhlənkarlığı nəticəsində cəzalandım və uzun müddət peşəkar futboldan kənarda qaldım. Bundan ciddi nəticə çıxartmışam və hər bir şeyə xüsusi diqqət yetirirəm. Yenidən dopinqdə ilişməmək üçün özümü qoruyuram”.
0