Nazir yığmamızın oynayacağı stadiona heyran qaldı - FOTO
19.02.2009 - 18:13
Nazir yığmamızın oynayacağı stadiona heyran qaldı - FOTO
Türkiyənin daxili işlər naziri Beşir Atalay Kayseri şəhərində inşa olunmuş “Kadir Has” stadionuna baş çəkib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iyunun 2-də Türkiyə ilə beynəlxalq yoldaşlıq görüşündə qarşılaşacağı arenanı gəzən nazir yaxşı mənada təəccüblənib. O, 19 şəhərin başçısı ilə birgə gəzdiyi stadionu çox bəyənib: “Bu möhtəşəm idman qurğusu ilə qürur duyuruq”.

“Kadir Has”ın memarı Bahadur Qul isə stadionun özəl cəhətləri haqqında Atalaya məlumat verib: “Şəhərə 30 sm qalınlığında qar yağsa da, meydança tər-təmizdir. Çünki stadionda istilik sistemi var. Bayırda hava nə qədər soyuq olursa-olsun, burada temperatur +4 dərəcədən aşağı düşmür”.

33 min tamaşaçı tutumuna malik stadiona ötən həftə yaşıl ot örtüyü döşənib. Arxada qalan vaxt ərzində ot örtüyü 4 sm böyüyüb ki, bu da otun tutması anlamına gəlir. “Kadir Has”da ilk matç martın 8-də “Kayserispor” və “Fənərbaxça” klubları arasında olacaq. Burada keçiriləcək birinci beynəlxalq qarşılaşma isə məhz Türkiyə - Azərbaycan yoldaşlıq görüşüdür.
0