Georgi Adamiya: Sözümü “Neftçi” ilə oyundan sonra deyəcəyəm
20.02.2009 - 10:39
Georgi Adamiya: Sözümü “Neftçi” ilə oyundan sonra deyəcəyəm
“Neftçi” ilə oyun öncəsi daxilimdə qarışıq hisslər keçirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Georgi Adamiya deyib.

Premyer Liqanın XV turunda “Neftçi” ilə qarşılaşacaq paytaxtın eyni adlı təmsilçisinin gürcüstanlı yarımmüdafiəçisi üçün bu görüş xüsusi önəm daşıyır. İlk dəfə son 4 ildə formasını daşıdığı flaqmana qarşı oynayacaq 28 yaşlı futbolçu klubun rəsmi internet saytına qarşıdakı matç haqda danışmaq istəməyib: “Keçmiş komandama qarşı oynayacağam. Bu matç barədə danışmaq istəmirəm. Sözümü oyundan sonra deyəcəyəm".

Qeyd edək ki, “Neftçi”nin heyətində 100-dən artıq oyun keçirən Adamiya flaqmanla bir ölkə çempionluğu, bir gümüş, iki bürünc medal və 2006-cı ildə “Birlik kuboku”nu qazanıb. 2005-ci ildə isə Moskvada keçirilən bu yarışın ən yaxşı bombardiri olan gürcüstanlı, həm də turnirin ikincisi olub.
0