Branimir Subaşiç: Belə getsə, karyeramı dayandırmalı olacağam
20.02.2009 - 11:51
Branimir Subaşiç: Belə getsə, karyeramı dayandırmalı olacağam
“Mən “Srvena Zvezda”da çox məyus oldum. Hətta ötən ilin yayında bu komandaya keçməyimə də peşmanam. Çünki həmin vaxt başqa ölkələrdən yaxşı təkliflər aldığım halda, belqradlıların dəvətini düşünmədən qəbul etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç deyib.

Müqavilə ilə Belqrad “Srvena Zvezda”sına məxsus 27 yaşlı hücumçu transferə çıxarılsa da, hələlik özünə yeni komanda tapa bilməyib. Serbiya mətbuatına açıqlamasında Subaşiç klub rəhbərliyini ittiham edib: “Mən hələ də başıma nə gəldiyini dərk edə bilmirəm. Fasilə dövrü başlayan kimi mənə “get özünə yeni komanda tap” desəydilər, heç bir problemim olmazdı. Amma çempionatın ikinci hissəsinə hazırlığın birinci mərhələsi arxada qalandan sonra idman direktoru İlya İviç onlara lazım olmadığımı bildirir. Klub rəhbərliyi bunu qış keçid dövrünün qurtarmasına cəmi 10 gün qalmış etdi. Belə olan halda, mən də vaxt azlığından ilişib qaldım. İndi mənim ciddi problemim var. Kim bilir, bəlkə də, yarım mövsümlük futbolçu karyeramı dayandırmalı olacağam”.

Qeyd edək ki, 2005-2008-ci illərdə üç mövsüm “Neftçi”nin şərəfini qoruyan Subaşiç Azərbaycan yığmasında 22 oyuna 6 qol vurub. Milliləşən serbiyalı legioner 2007-ci ilin martında Özbəkistanla matçda yığmanın heyətində debüt edib.
0