Valentin Atem: Avropa klubunda ehtiyatda qalmaqdansa, “Neftçi”də oynamaq yaxşıdır
20.02.2009 - 13:11
Valentin Atem: Avropa klubunda ehtiyatda qalmaqdansa, “Neftçi”də oynamaq yaxşıdır
“Hər hansı Avropa klubunda ehtiyatda qalmaqdansa, “Neftçi”də oynamaq yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Valentin Atem deyib.

Bakılıların Almaniya “Duysburq”undan transfer etdiyi kamerunlu hücumçu ölkəmizə gəlməsinin səbəbini izah edib: “Mən heç vaxt pul dalınca qaçmamışam. Mənim üçün ən vacib olanı çıxış etdiyim komandanın iddialı olmasıdır. “Neftçi”nin çempionluq şansı qalmasa da, klub zəngin tarixə malikdir və azarkeşlər daim ondan çox şey tələb edir”.

Atem keçidində “Neftçi”ni almaniyalı baş məşqçinin çalışdırmağının rolu olmadığını düşünür: “Hans-Yurgen Gede ilə Antalyada görüşüb söhbət etdik. Lakin tanışlığımızın keçidimə təsiri olmayıb. O, çox ağıllı məşqçi olduğundan, tələm-tələsik qərar vermir. Bu səbəbdən baxışda uzun müddət qalıb Gedeni hər cəhətdən qane etdiyimi sübut etməli oldum”.

Tanımadığı ölkəyə gəldiyini bildirən Atem Bakıda gördüklərinə sevinib: “Ölkənizdə əcnəbilərə “ağ” və “qara” deyərək fərqləndirmirlər. Lakin Duysburqda hər millətin öz çevrəsi var idi. Mən komandamızdakı iki həmyerlimlə vaxtımı keçirməli olurdum”

Valentin Premyer Liqanın “Bakı” ilə sabah keçiriləcək oyununa da toxunub: “Bilirəm ki, “Bakı” hazırda turnir cədvəlinin ikinci pilləsindədir. Onlar çempionluq uğrunda mübarizə aparır. Mənim üçün rəqibin kim olmasının fərqi yoxdur. Bunu düşünsək, gərək heç oynamayaq. Tək istəyimiz qalib gəlməkdir və bütün komanda bunun üçün çalışır. Əslində, bütün matçlarda olduğu kimi, “Bakı” ilə görüşdə də kimin qol vurmağının fərqi yoxdur. Əsas qələbə qazanmaqdır. Mən də “Neftçi”də qol hesabımı açmaq istəyirəm və inanıram ki, bu arzumu qarşıdakı turda həyata keçirəcəyəm”.

Mənbə: futbol+
0