Ponomaryov Mübariz Mənsimovun bəyəndiyi futbolçudan narazıdır
20.02.2009 - 13:45
Ponomaryov Mübariz Mənsimovun bəyəndiyi futbolçudan narazıdır
Türkiyə yığmasının sabiq futbolçusu Fatih Sonkaya Azərbaycanda debüt etməyə hazırdır. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran”ın ikinci dövrənin startına az qalmış transfer etdiyi 27 yaşlı futbolçunun transfer vərəqəsi gəlib. Fatih son vaxtlar Portuqaliyada çıxış etdiyindən, onun transfer vərəqəni bu ölkənin futbol federasiyası göndərməli idi. Ancaq vərəqin ötən həftəsonu AFFA-ya göndərilməməyi Sonkayanın “Karavn”la Lənkəranda keçirilən oyunda (0:0) meydana çıxmasına əngəl olub.

Premyer Liqada debüt etməyə hazır olan türkiyəli futbolçu özünü “Turan”la sabah Tovuzda keçiriləcək görüşə hazır sayır və baş məşqçidən şans gözləyir. “Xəzər-Lənkəran”ın çalışdırıcısı İqor Ponomaryov isə həm Sonkaya, həm də onun həmyerlisi Əhməd Dursunun adlarına görə yox, futbol oynamasını istəyir. Fatih Əhməddən sonra “Xəzər-Lənkəran”ın hazırlığına qatılsa da, Ponomaryovdan hələ ki ondan razıdır. Lənkəran təmsilçisinin fəxri prezidenti Mübariz Mənsimovun transferində təşəbbüskar olduğu 32 yaşlı Dursunun hazırlıq səviyyəsi baş məşqçisini qane etmir.

Hər halda, bu, Ponomaryovun türkiyəli futbolçularla bağlı “Xəzər-Lənkəran”ın rəsmi saytına açıqlamasında öz əksini tapıb: “Hər ikisi usta futbolçulardır. Məşqlərdə bunu sezməmək mümkün deyil. Fatih artıq yaxşı formadadır, oyunlara hazırdır. “Turan”la oyunda meydana buraxacağım heyət haqda indidən informasiya vermək istəməzdim. Amma Sonkayanın ilk “11-lik”də olmaq şansı az deyil... Əhmədin isə fiziki vəziyyəti istədiyimiz dərəcədə yüksək deyil. Çox istəkli və istedadlıdır. Amma hələlik kifayət qədər mobil deyil. Onun daha aqressiv hərəkət etməsini istəyirəm. Əhməd rəqib müdafiəsini dağıtmalı, pərən-pərən etməlidir”.
0