“Berti Foqtsun qabağında əsir, ona monarx kimi yanaşırdılar”
20.02.2009 - 14:06
“Berti Foqtsun qabağında əsir, ona monarx kimi yanaşırdılar”
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yenə kəskin tənqid atəşinə məruz qalıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisi bu dəfə Nigeriya yığmasının sabiq futbolçusu Conatan Akpoborie “ağ yuyub, qara sərib”. Vaxtilə “Ştutqart”, “Volfsburq” klublarının şərəfini qorumuş hücumçu 2007-ci ilin yanvarından 2008-ci ilin fevralınadək Nigeriya milli komandasını çalışdıran Foqtsun fəaliyyətindən ciddi narazı qalıb.

“Nigeriyalılar Berti Foqtsu baş məşqçi vəzifəsinə təyin edərkən, necə sadəlövhlüyə yol verdiklərini unudurlar. Nigeriya Futbol Assosiasiyasından heç kimin ona söz deməyə cəsarəti çatmırdı. Əksinə, futbol məmurlarımız onun qabağında əsirdilər. Ona elə münasibət göstərirdilər ki, sanki Foqts monarxdır” - deyə Akpoborie vurğulayıb.

Almaniyalı çalışdırıcı barəsində çılğıncasına danışan veteran futbolçu deyib ki, Foqtsu Nigeriya prezidenti Olesuqen Obasanjoya səhv təqdim ediblər: “Əcnəbi məşqçini aeroportda qarşılayır, ondan çəkinirdilər. Onun şərəfinə Laqosda, Abucada ziyafətlər, qonaqlıqlar təşkil edirdilər. Hətta Nigeriya prezidentinin da yanına aparmışdılar və demişdilər ki, budur, bizə İngiltərə, Almaniya, Argentina, İspaniya, Braziliya üzərində qələbə qazandıraraq, Dünya Kubokunu bəxş edəcək Foqts”.

Akpoborie Berti Foqtsu nigeriyalı jurnalistlərlə münasibətləri korlamaqda da günahlandırıb: “Prezidentimiz Foqtsla görüşdə gülərək bildirmişdi ki, Nigeriya mətbuatında kimsə onu tənqid edə bilər, belə şeylərə fikir verməsin. Amma sonda məlum oldu ki, jurnalistlərdə hər şey qaydasındadır, sadəcə, problem Foqtsun özündədir”.

Futbolçu iddia edib ki, Foqts 2002-04-cü illərdə işlədiyi Şotlandiyada da uğursuzluğa düçar olub: “Onun təyinatından sonra Şotlandiya futbolunun səviyyəsi aşağı düşmüşdü, nəticələr zəifləmişdi. Foqts həmin ölkədən getdi və məhz bundan sonra Şotlandiya yığması güclənməyə başladı”.

Qeyd edək ki, ötən ilin yanvarında Nigeriya milli komandası Afrika Millətlər Kubokunun 1/4 finalında uduzduqdan sonra Foqts baş məşqçi postundan qovulmuşdu. Apreldə isə Azərbaycan yığması almaniyalı çalışdırıcıya həvalə olunub.
0