Qurbanov Abdullayevdən, yoxsa Abdullayev “Qarabağ”dan qisas alacaq?
20.02.2009 - 15:11
Qurbanov Abdullayevdən, yoxsa Abdullayev “Qarabağ”dan qisas alacaq?
Premyer Liqanın XV turunda sabah “Şəfa” stadionunda keçiriləcək “Olimpik” - “Qarabağ” oyunu baş məşqçilər üçün xüsusi prinsipiallıq daşıyır. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovla Əsgər Abdullayev məşqçilik karyeralarında yeganə ola biləcək çempionluğu müvafiq olaraq, “Olimpik” və “Qarabağ”la görüşlərdə əldən veriblər.

Məşqçi kimi “Neftçi”də debüt edən Qurbanov 2006/07 mövsümünün ikinci yarısında bütün oyunlarda qələbə qazansa da, məhz Abdullayevin çalışdırdığı “Olimpik”lə matçda uduzdu - 1:2. Bu yeganə məğlubiyyət flaqmana baha başa gəldi və komanda qızıl yox, sonda gümüş medalla kifayətləndi.

Növbəti mövsüm Abdullayevin rəhbərlik etdiyi “Olimpik” də eyni aqibətlə üzləşdi və bu dəfə səhnəyə “Qarabağ” çıxdı. Türkiyəli mütəxəssis Rasim Karanın çalışdırdığı Ağdam təmsilçisi “təyyarəçilər”i məğlub etməklə (1:0), çempionluğa imkan vermədi. Bu matçdan sonra “Qəbələ”ni böyük hesabla yenən (4:0) “İnter” tarixində ilk çempionluğu qazandı. Maraqlıdır, Qurbanov Abdullayevdən, Abdullayev “Qarabağ”dan qisas alacaqmı? Özü də hər iki halda, çempionluq “Şəfa” stadionunda əldən gedib və “Olimpik”lə “Qarabağ” sabah bu arenada görüşəcək.

Qurbanov Abdullayevlə bir komandada oynamasa da, onun rəhbərliyi altında yığmada top qovub. 2003-cü ildə Serbiya və Çernoqoriya zəfərinin ilk növbədə onların adı ilə bağlı olduğunu desək, yanılmarıq. Hər halda, Abdullayevin çalışdırdığı yığmanın serblərin qapısından vurduğu 4 qoldan üçünə Qurbanov imza atıb. Podqoritsada (2:2) “dubl” edən Qurbanov Bakıdakı görüşdə (2:1) serbləri penalti zərbəsi ilə cəzalandırıb.

1994-cü ildə qalmaqallı oyun kimi milli çempionatlarımız tarixinə düşən “Turan” – “Neftçi” görüşünün də Qurbanovla Abdullayevin karyerası ilə bağlılığı var. Belə ki, Qurbanov Tovuzda meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı matçda “Turan”ın, Abdullayev isə “Neftçi”nin heyətində olub. Flaqman bu görüşdə haqsızlıqla üzləşdiyi üçün çempionatdan çıxmağa qərar verdi, Abdullayev isə futbolçu karyerasını başa vurdu.

Qurbanovla Abdullayev indiyədək baş məşqçi qismində üç dəfə görüşüblər. Qurbanov “Neftçi”də işə yeni başladığı zaman, yəni 2006-cı ildə təcrübəli həmkarı ilə ilk görüşdə böyük hesablı qələbə qazanıb – 3:0. Cari mövsümün startına bir həftə qalmış “Qarabağ”ın sükanı arxasında Karanı əvəzləyən Qurbanov ilk dövrədə “Olimpik”lə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunda 1:1 hesablı heç-heçəyə nail olub. Həmin vaxt ağdamlıların sırasında olan gürcü yarımmüdafiəçi Aleksandr Qoqoberişvili sabah keçmiş komandasına qarşı oynayacaq. “Qarabağ”a lazım olmayan 32 yaşlı futbolçu qış fasiləsində “Olimpik”ə keçməklə, yaxşı tanıdığı mütəxəssisinin yanına qayıtdı. Belə ki, Qoqoberişvili buna qədər “Bakı”da Abdullayevin rəhbərliyi altında oynayıb və Azərbaycan kubokunu qazanıb.
0