Rail Məlikov: “Bakı”ya qarşı oyun niyə prinsipial olmalıdır ki?
20.02.2009 - 15:26
Rail Məlikov: “Bakı”ya qarşı oyun niyə prinsipial olmalıdır ki?
“Bakı” ilə oyuna tam hazırıq. Cari mövsümdə əsas məqsədimiz ölkə kubokunda uğurlu çıxış etmək olsa da, çempionatda maksimum xal toplamağa çalışacaq. Bu mənada sabahı görüşdə qələbə bizim üçün önəmlidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun kapitanı Rail Məlikov deyib.

“Bakı”da çıxışı ilə daha çox tanınan 24 yaşlı müdafiəçi 2007-ci ildə “Neftçi”yə keçdi. Rail keçmiş komandası ilə matçı özü üçün prinsipial saymır: “Nəyə görə “Bakı”ya qarşı oyun mənim üçün prinsipial olmalıdır ki? Düzdür, sabiq kluba qarşı görüş istər-istəməz fərqli hisslər doğurur. Ancaq “Bakı” mənim üçün bir rəqibdir və keçmiş komanda ilə heç problemim olmayıb. Əksinə, bir futbolçu kimi, orada tanınmışam. Bu komandanın heyətində çempionluq, ölkə kuboku, bürünc medal qazanmışam. Ancaq “Bakı” ilə görüşə özümü təsdiqləmək məqsədi ilə baxmıram. Mən hələ bu komandada qazandığım mükafatları əsas heyətin oyunçusu kimi əldə etmişəm”.

Məlikov cari mövsümdə çempionluğa iddiası böyük olan “Bakı”nın çıxışında makedoniyalı baş məşqçi Qyoko Hacıyevskinin əməyini qeyd edir: “Hacıyevski güclü mütəxəssisdir, yaxşı heyətə malikdir. Hələ ötən yay bir sıra transferlər reallaşdıran “Bakı” qış fasiləsində heyətini lap gücləndirib. Bu mənada sabah bizi asan oyun gözləmir. Ancaq fikrimcə, elə “Bakı” üçün də çətin olacaq. Hər halda, biz də dövrlərarası fasilədə heyətimizi gücləndirmişik və ilk dövrədəki uğursuzluğun əvəzini çıxmağa çalışırıq. Hesab etmirəm ki, turnir cədvəlində aşağı pillələrdə qərarlaşdığımız üçün bizimlə oyuna ciddi yanaşmayacaqlar. “Bakı”da oynadığım üçün “Neftçi” ilə görüş öncəsi futbolçuların fikirlərini bilirəm. Həmin vaxt da “Neftçi” ilə oyuna xüsusi köklənirdik”.

Milli komandamızın da üzvü olan Rail paytaxt derbisində favorit görmür: “Hesab edirəm ki, şanslar bərabərdir. Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. İkinci dövrəyə “Standard”ı məğlub etməklə başladıq və bunun davamının gəlməsini istəyirik. Həm də qələbə bizə “Qarabağ”la gələn həftənin ortası keçiriləcək kubok oyunu öncəsi psixoloji durumu yüksəltmək baxımından lazımdır. Kubok daha vacib olduğu üçün “Bakı” ilə çempionat matçını buna qurban vermək fikrimiz yoxdur. Hər halda, belə olsaydı, bunu heyətdə bir sıra əsas futbolçuları qorumaqla bunu bilərdik. Həm də komandamızda yeni futbolçular olduğu üçün, anlaşmanın yaxşılaşması baxımından bir yerdə çox oynamağımız lazımdır”.
0