Pnevmaniya Zaur Tağızadəni ad günündə oynamağa qoymadı
20.02.2009 - 16:03
Pnevmaniya Zaur Tağızadəni ad günündə oynamağa qoymadı
Azərbaycan Premyer Liqasının XV turunda “Bakı” ilə sabahkı oyun “Neftçi” klubunun kapitanı Zaur Tağızadə üçün əlamətdar günə təsadüf edir. Apasport.az saytının məlumatına görə, “qızıl oğlan” fevralın 21-də 30 yaşını qeyd edəcək. Ancaq Tağızadə belə bir gündə yaşıl meydana çıxa bilməyəcək. Buna də səbəb yarımmüdafiəçinin sağlıq durumunda problemin olmasıdır.

Öncə dabanından xəsarət alan Zaur hazırda pnevmaniyadan əziyyət çəkir. Ağciyərləri soyuqlayan futbolçu özünü soyuqdan qorumalı, müalicəsinə diqqət yetirməlidir. Müalicəsi davam etdiyi üçün Tağızadə “Bakı” ilə sabahkı və fevralın 25-də “Qarabağ”la Azərbaycan kuboku uğrunda ¼ final matçını da buraxmalı olacaq. Hər halda, onun 4-5 günə oynamaq üçün tam hazır olacağı inandırıcı görünmür. İndi əsas diqqət Tağızadənin milli komandanın düşərgəsinə yollana kimi hazır olmasına yönəlib. Həkimlər futbolçunun martın 2-dən 5-dək Almaniyada keçiriləcək təlim-məşq toplanışına qədər sağalacağına ümid edir. Bir illik fasilədən milliyə çağırılan Tağızadə ilk dəfə baş məşqçi Berti Foqtsun rəhbərliyi atında işləmək imkanı qazanıb.

Qeyd edək ki, Zaurun yoxluğunda hazırda “Neftçi”də kapitan sarğısını müdafiəçi Rail Məlikov daşıyır.
0