Azərbaycanda ilk futbol akademiyası fəaliyyətə başladı
20.02.2009 - 16:42
Azərbaycanda ilk futbol akademiyası fəaliyyətə başladı
Azərbaycanda ilk futbol akademiyası fəaliyyətə başlayıb. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, akademiyanın ilk “sakinləri” U-15 və U-17 yığmasının üzvləri olub.

“Akademiyadan əvvəlcə 15 və 17 yaşlılardan ibarət milli komandamızın futbolçuları yararlanıblar. Gələn həftədən isə bura təxminən 15 yeniyetmə futbolçudan ibarət bir qrupun ixtiyarına veriləcək. Bunların arasında yığmanın seleksiyaçı-məşqçisi Təbriz Həsənovun Gəncədə bəyəndiyi 3 istedadlı oyunçu da var” - deyə Məmmədov vurğulayıb.

Baş katib bildirib ki, martın 1-dən etibarən akademiyada elmi fənlər də keçiriləcək: “Bu məqsədlə Təhsil Nazirliyinə müraciət etmişik. Akademiya üçün lazımi fənn müəllimləri ayrılacaq. Dərslər orta məktəblərdə olduğu kimi keçiriləcək. Yəni, akademiyada təhsil alan uşaqlar həm futbolun sirlərinə yiyələnəcəklər, həm də elmi bilikləri mənimsəyəcəklər”.

Qeyd edək ki, AFFA-nın həyətində inşa olunmuş akademiyanın rəsmi açılış mərasimi fevralın 23-də olacaq. Tədbirdə FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik də iştirak edəcək.
0