“Adamiya sübut etsin ki, “Neftçi” ona qarşı haqsız münasibət göstərib”
20.02.2009 - 17:50
“Adamiya sübut etsin ki, “Neftçi” ona qarşı haqsız münasibət göstərib”
“Neftçi” ilə oyun öncəsi ikili hisslər keçirirəm. Həm matçla bağlı nikbin əhval-ruhiyyədə oluram, həm də məsuliyyəti dərk edib, işimə ciddi yanaşıram”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Rəqibin zəngin tarixi malik olduğunu bildirən makedoniyalı çalışdırıcının fikrincə, turnir cədvəlində mövqeyindən asılı olmayaraq, bu komanda ilə oyuna həmişə ciddi yanaşmaq lazımdır: “Neftçi”nin cari mövsümdə uğursuz çıxışı arxayınçılığa əsas vermir: “Sabahkı oyuna ciddi hazırlaşmışıq. Qış fasiləsində heyətini xeyli gücləndirən “Neftçi” yaxşı transferlər reallaşdırıb. İndi komanda ilk dövrə ilə müqayisədə daha yaxşı təsir bağışlayır. Mən rəqibin hər hansı futbolçusunu xüsusilə fərqləndirməzdim. Komanda kimi çox güclüdür”.

İndiyədək “Neftçi” ilə üç dəfə görüşən Hacıyevski iki dəfə qələbəyə sevinib. O, ötən mövsümün ilk dövrəsində çexiyalı həmkarı Vlastimil Petrjelanın çalışdırdığı komandanı 5:1 hesabı ilə məğlub edib: “Düzdür, ikinci dövrədə 2:3 hesabı ilə uduzsaq da, cari mövsümün ilk yarısında yenə qalib gəldik – 1:0. “Bakı” - “Neftçi” oyununu sözün əsl mənasında derbi matç sayıram. Bu, indiyədək gördüyüm derbilər arasında xüsusi yer tutur. “Neftçi”dən nə qorxmaq, nə də saymazyana münasibət göstərmək lazımdır. Biz rəqibimizdən çəkinmirik və eyni zamanda, ehtiyatı da əldən vermirik. Belə komandaya qarşı oyunda daha çox diqqətli olmaq lazımdır. Biz turnir cədvəlində “Neftçi”dən aşağıda olanda qələbə qazandıq. Həmin 5:1 hesablı qələbə çoxları üçün gözlənilməz oldu. İndi “Bakı” turnir cədvəlinin yuxarısında, “Neftçi” isə aşağıdadır. İstəməzdim ki, indi “Neftçi” bizə belə xoş olmayan sürpriz etsin”.

“Neftçi” ilə sabahkı oyunu turnir cədvəlindəki mövqe baxımından vacib hesab edən Hacıyevski yalnız qələbə haqda düşünür. Təcrübəli mütəxəssis Georgi Adamiya başda olmaqla, sərəncamında olan “Neftçi”nin sabiq oyunçularına toxunub: “Onlar böyük motivasiya ilə hazırlaşdıqları qarşıdakı görüşün taleyini həll edə bilərlər. Düzdür, Georgi Adamiyaya “Neftçi”yə qarşı oynamaq bir qədər çətin olacaq. Axı hər halda, gürcü hücumçu indiyədək dörd ilə yaxın bu komandada çıxış edib. Digər tərəfdən, Adamiya özünü sübut etməlidir ki, ona qarşı haqsız münasibət göstərilib”.
0