Fərrux İsmayılov: “Ploeşti”yə keçməkdən başqa çıxış yolum yox idi
21.02.2009 - 11:03
Fərrux İsmayılov: “Ploeşti”yə keçməkdən başqa çıxış yolum yox idi
“Türkiyə təmsilçiləri də daxil olmaqla, bir sıra klublarla danışıqlar aparsam da, keçidim alınmırdı. Amma baxışda olduğum müddətdə Rumıniyanın “Ploeşti” klubunun nümayəndələri oyunumu görüb bəyəndilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının sabiq futbolçusu Fərrux İsmayılov deyib.

Birinci dövrədə “Qəbələ”nin heyətində forma geyinən 31 yaşlı hücumçu mövsümün sonunadək oynayacağı Rumıniyanın aşağı dəstə təmsilçisi “Ploeşti”yə bu gün yollanacağını bildirib: “Karyeramı Rumıniya təmsilçisində davam etdirmək istəmirdim. Lakin başqa çıxış yolum olmadığından, bu variantı qəbul etdim. Hərtərəfli razılıq əldə etsək də, hələ müqaviləni rəsmiləşdirməmişəm. “Qəbələ” ilə keçidimi həll edib transfer vərəqəmi almışam. İndi komandaya daha tez keçib fevralın 28-də start götürən ikinci dövrədə “Ploeşti”yə kömək etməyi düşünürəm. Hər şey istədiyim kimi alınsa, artıq həmin gün klubda debüt edəcəyəm”.

Qeyd edək ki, Rumıniya çempionatının ikinci liqasının 1-ci seriyasında çıxış edən “Ploeşti” 15 oyundan sonra 30 xalla 16 komanda (18 komanda oynamalı olsa da, onların ikisi yarışdan kənarlaşdırılıb) arasında 3-cü pillədə qərarlaşıb. Hər seriyadan iki komandanın güclülərin mübarizə apardığı birinci liqaya vəsiqə qazandığı çempionatda növbəti oyunlar fevralın 28-də keçiriləcək. “Ploeşti” səfərdə “Konkordiya” ilə görüşəcək.
0