Zaur Ramazanov: “Xəzər-Lənkəran” Zaqreb “Dinamo”suna keçidimə mane oldu
21.02.2009 - 11:23
Zaur Ramazanov: “Xəzər-Lənkəran” Zaqreb “Dinamo”suna keçidimə mane oldu
“Böyük oyunlar mənlikdir, xırda matçlara isə köklənə bilmirəm. Kim deyirsə ki, güclü-zəif rəqib yoxdur, bu, yalan söhbətdir. Bütün rəqiblərə eyni gözlə baxmaq mümkünsüzdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Zaur Ramazanov deyib.

33 yaşlı hücumçu çıxış etdiyi komandada məşq intizamının olmadığını, istədiyi vaxt səhər məşqlərindən icazəli olduğunu etiraf edib: “Qarabağ”da yorğun olanda yatıb-qalıram. Baş məşqçidən icazə alıram. Yatmasam, özümə gələ bilmərəm. Bəzən başqaları da baş məşqçidən icazə alır. Yuxusuzluqdan əziyyət çəkən tək mən deyiləm ki... Məşqdə uzaq məsafəyə qaçmağı xoşlamıram. Buna səbrim çatmır”.

Azərbaycan milli komandasının sabiq futbolçusu artıq yığmaya qayıtmaq haqda düşünmür: “Başımı aşağı salıb futbolumu oynayıram da. Yığma haqda heç düşünmürəm də. Qol vurmaq bizim qanımızdadır. Dörd qardaşıq, üçü futbol oynayır. Məni heç “Xəzər-Lənkəran”ın adlı-sanlı əcnəbiləri ehtiyatda oturda bilmədi. Zaqreb “Dinamo”su ilə oyunlardan sonra bu komandaya keçə bilərdim. “Xəzər-Lənkəran” məni buraxmadı. Onların satmaq istədiyi “Bursaspor”a da mən keçmədim. Lənkəranlılara 450 min dollar ödəyirdilər. “Abşeron” otelində görüşdüyüm bursalıları üç gün gözlədib “yox” dedim”.

Qeyd edək ki, Ramazanov 2008-ci ilin yayında “Xəzər-Lənkəran”dan “Qarabağ”a keçib.

Mənbə: futbol+
0